Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filmin təqdimat mərasimi keçirilib.
1news.az-a səfirlikdən verilən xəbərə görə, ilkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilən kino-lentdə ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları və dünyaya yüksək mədəni dəyərlər yaymaları barəsindəki mif tutarlı arqument və faktlarla təkzib olunur. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir.
Filmin ikinci hissəsi Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olmasına, burada türk-islam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğuna həsr edilib. “Tarixi həqiqətlərin izi ilə” filminin mühüm məziyyətlərindən biri kadr arxası diktor mətninin ingilis dilində olmasıdır. Bu maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır.
Təqdimat mərasimini giriş sözü ilə açan səfir Vilayət Quliyev 15 sentyabrın müasir Azərbaycan tarixində mühüm bir gün – Bakının erməni-bolşevik işğalından azad olunması günü olduğunu bildirərək bu diqqətəlayiq hadisənin nümayiş etdiriləcək filmlə də müəyyən bağlılığı olduğunu vurğulayıb. Səfir Azərbaycan əsgərinin bir zamanlar Bakını azad etdiyi kimi işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları da mütləq azadlığa qovuşduracağına inamını bildirib. İştirakçılara erməni tarix saxtalaşdırıcılarının onilliklər boyu Azərbaycanla bağlı qara piar fəaliyyəti barəsində müxtəsər bilgi verildikdən sonra filmin müəllifi Şəlalə Həsənova kürsüyə dəvət olunub.
Şəlalə Həsənova film üzərindəki işi və Cənubi Qafqazın erməni yalanlarından təmizlənmiş gerçək tarixinin populyar şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gələcək planlarından danışıb.
Maraqla qarşılanan təqdimat mərasimində Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpus nümayəndələri, diaspora üzvləri, macar və azərbaycanlı tələbələr iştirak edib.
1news.az