Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirildi.
1news.az-a BANM-dan verilən xəbərə görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib. Tədbirdən öncə qonaqlar tərəfindən Ulu öndər Heydər Əliyevin Ali Məktəbin foyesində qoyulmuş büstü ziyarət olundu və büstün önünə gül dəstələri düzüldü.
Tədbiri giriş nitqi ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını və qonaqları salamlayaraq onları bu əlamətdar gündə BANM-də görməkdən məmnun olduğunu bildirdi. Rektor Elmar Qasımov 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri və onların valideynlərini yeni tədris ili münasibəti ilə təbrik etdi. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor Elmar.Qasımov bildirdi ki, bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə ümumi orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olduğunu dedi. Rektor Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BANM-in yaradılması haqda Fərmanını vurğulayaraq, Ali Məktəbin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” sözlərinin reallaşması istiqamətində bariz nümunə olduğunu dedi. Rektor Ümummilli lider Heydər Əliyevin fərmanı ilə təsis edilmiş qarşıdan gələn “20 sentyabr-Neftçilər günü” münasibəti ilə də bütün Azərbaycan neftçilərini ürəkdən təbrik etdi və BANM-in tələbələrinin gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəyindən əminliyini ifadə etdi. Elmar Qasımov bu il BANM-ə qəbul olan 17 tələbənin Prezident təqaüdçüsü adına layiq görüldüyünü də qeyd etdi.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik etdi. Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Ali Məktəbin qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirdi. Rövnəq Abdullayev BANM-də 2016/2017-ci tədris ilində bu işlərin davam etdiriləcəyinə, Ali Məktəbin fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə etdi. O, BANM-ə yeni qəbul olmuş tələbələri və onların valideynlərini təbrik etdi.
BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell öz növbəsində Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkət arasında ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Qordon Birrel BANM-in yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirdi. Qordon Birrell hər il Ali Məktəbin tələbələrinin BP-nin layihələrində uğurla iştirak edərək I yeri qazandıqlarını qeyd etdi. O, dedi ki, BANM BP-nin ən yaxın tərəfdaş Ali Məktəbidir. Qordon Birrell tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzuladı.
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Karol Krofts öz çıxışında tələbələrə uğurlar arzulayaraq onlara səylə çalışmalarını və təhsildə nailiyyətlər əldə etməyi tövsiyə etdi.
Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına 700 bal toplayaraq daxil olan tələbə Rəvan Nəzərəliyev çıxış edərək Ali Məktəbin tələbəsi adını qazandığı üçün fəxr etdiyini və sevinc hissi keçirdiyini dedi. O, bildirdi ki, BANM-ə qəbul olmaq onun ən böyük arzusu olub və o, bu arzusuna çatmasından çox məmnundur. O, yüksək səviyyədə təhsil üçün BANM-də yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuş ilk əcnəbi tələbə, Hindistan vətəndaşı Entoni-Mario Suares çıxış edərək, bu Ali Məktəbi beynəlxalq səviyyəli bir təhsil ocağı kimi seçdiyini və burada təhsil alamasından sevinc hissi keçirdiyini dedi.
BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi, BP-nin “Texno Fest” layihəsininn qalibi Elşən Mikayılov BANM-də tələbələrin həm təhsil alması, həm də sosial inkişafı üçün görülən işlərdən söz acdı və qazandığı uğurda BANM-in adının və professor-müəllim heyətinin əməyi olduğunu bildirdi. O, BANM-də tələbələr üçün yaradılan geniş imkanların sayəsində bu uğuru qazandığını qeyd etdi. Elşən Mikayılov SOCAR-ın rəhbərliyinə və BANM-in rəhbərliyi və professor-müəllim heyətinə təşəkkür edərək, bu il qəbul olmuş tələbələrə burda yaradılan şəraitdən bəhrələnməyi arzu etdi.
BANM-də təhsil alan IV kurs tələbəsi Rəşad Nəzərəliyevin və bu il 700 bal toplamış tələbə Rəvan Nəzərəliyevin və 685 bal toplamış Nurlan Nəzərəliyevin atası Rauf Nəzərəliyev valideynlər adından çıxış edərək sevincinin böyük olduğunu və övladlarının məhz bu Ali Məktəbin tələbəsi adını qazandıqları üçün qürur hissi keçirdiyini bildirdi. Azərbaycanda yüksək ixtisaslı mütəxəssis kadrların yetişdirilməsi üçün BANM-də hər cür şəraitin, tələbələr üçün bütün imkanların yaradıldığından məmnunluq idadə edən valideyn bu il qəbul olan bütün tələbələrə təhsildə uğurlar arzuladı. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təhsil sahəsində yaradılan şəraitə, həyata keçirilən uğurlu təhsil islahatlarına görə təşəkkürünü ifadə etdi. Rauf Nəzərəliyev SOCAR rəhbərliyinə, o cümlədən BANM-in rəhbərliyinə ailəsi adından təşəkkür etdi.
Tədbirin sonunda qonaqlar 2016/2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim etdilər.
1news.az