Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2016-2017-ci tədris ilindən etibarən fəaliyyətə başlayan Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılışı olub.
1news.az-ın verdiyi xəbərə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov Azərbaycan-Fransız Universitetinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, UFAZ-da dörd ixtisas - kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft kəşfiyyatının və istismarının cihazqayırması ixtisası üzrə tədris aparılacaq. Bu universiteti bitirən tələbələr həm Strasburq Universitetinin, həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomunu alacaqlar.
UFAZ-da tədris Fransa tərəfindən tərəfdaş olan Strasburq Universitetinin proqramları əsasında həyata keçiriləcək.
Bu il 143 gənc UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120-si dövlət sifarişli, 23-ü isə ödənişli əsaslarla təhsil alacaq.
Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb. O, UFAZ-ın təhsilə töhfə verəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, iyunun 9-da Azərbaycan Respublikası Prezidenti “Azərbaycan-Fransız Universiteti” (UFAZ) layihəsi həyata keçəmsi ilə bağlı sərəncam imzalayıb.
1news.az