Şimali Koreya tarixində ən güclü nüvə sınağını keçirib
09 sentyabr, 2016 10:00
Koreya Xalq Demokratik Respublikası növbəti, beşinci nüvə sınağını keçirib.
Bu barədə Yonhap agentliyi Koreya Respublikasının Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər yayıb.
“Mövcud məlumatlara əsasən deyə bilərik ki, Şimali Koreyada nüvə sınağı keçirilib”, - deyə hərbçilərin bəyanatında bildirilir.
Nazirlik partlayışın gücünün 10 kiloton olduğunu açıqlayıb. Hərbçilər qeyd edirlər ki, hazırkı sınaq indiyədək ən güclüsü olub. Müqayisə üçün bu ilin yanvarındakı nüvə partlayışının gücünün 6 kiloton olduğu bildirilir.
Vəziyyətlə əlaqədar Koreya Respublikasının Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Hökumət bu məsələni müvafiq beynəlxalq qurumlarla müzakirə etməyi nəzərdə tutur.
AZƏRTAC