Mən də çox şadam ki, bu bölgədə - Xaçmaz rayonunda, ümumiyyətlə, şimal bölgəsində işlər yaxşı gedir, abadlıq-quruculuq işləri aparılır.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda ləzgi icmasının nümayəndələri ilə görüşü zamanı deyib.
Bütün infrastruktur layihələrinin həll olunduğunu deyən dövlət başçısı yeni yolların salındığını, əhalinin qazla təchizatının yaxşılaşdırıldığını söyləyib:
“Bir çox yaşayış məntəqələri artıq qazlaşdırılıb. Xaçmaz rayonunda qazlaşdırma 71 faizdir. Əlavə tədbirlər görüləcək ki, qazlaşdırılmayan kəndlərə də qaz çəkək. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Dayanıqlı enerji təminatı var. İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülür. Bu bölgənin turizm potensialının inkişafı üçün lazımi addımlar atılır və atılacaq. İnfrastruktur layihələrinin icrası burada əsas məsələdir.
Çox şadam ki, burada insanlar rahat yaşayırlar, öz işləri ilə məşğuldurlar, kənd təsərrüfatı, turizm inkişaf edir. Yeni iş yerləri yaradılır, abadlıq işləri aparılır. Yalama qəsəbəsi bizim şimal qapımızdır. Sərhədə ən yaxın olan qəsəbədir. Çox şadam ki, Azərbaycanın mərkəzindən uzaq məsafədə yerləşən bölgələrdə də işlər yaxşı gedir, dövlətimiz güclənir, insanlar daha da yaxşı yaşayırlar”.
Əsas infrastruktur layihələrinin artıq başa çatdığını deyən Prezident İlham Əliyev bildirib ki, növbəti mərhələdə daha çox yerli istehsal, kənd təsərrüfatı və turizm inkişaf etməlidir:
“Turizmin inkişafı üçün əlavə imkanlar var. Siz bilirsiniz ki, bu il ölkəmizə daha çox xarici qonaq gəlmişdir. Əlbəttə ki, bu zona turizm üçün çox gözəl zonadır. Burada həm dəniz, həm meşələr var, yaxın bölgələrdə xizək kurortu da yaradılıb. Yəni, bu zona Azərbaycanın turizm mərkəzlərindən biridir, bəlkə də birincisidir.
Gələcəkdə insanları işlə təmin etmək üçün, əlbəttə, həm dövlət, həm özəl sektor tərəfindən əlavə investisiyalar qoyulmalıdır ki, işlər daha da sürətlə getsin və inkişaf dayanıqlı olsun”.
1news.az