Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyevin fins.az-a açıqlamasında təcili tibbi yardımın pullu olmasını vacibliyini söyləməsi ölkənin 1 nömrəli gündəminə çevrilib.
1news.az xəbər verir ki, bu açıqlama istər sosial mediada, istərsə də rəsmi dairələrdə birmənalı qarşılanmayıb.
Rauf Nağıyevin açıqlamasını xatırlayaq:
“Gün ərzində təcili yardıma 2 minə yaxın müraciət daxil olur. Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində polikliniya və xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur.
İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir”.
Dünya təcrbüəsinə baxsaq görərik ki, pulsuz təcili tibbi yardım əksər ölkələrdə var. Azərbaycan da haqlı olaraq bu təcrübəni illərdir istifadə edir. Həm də nəzərə alsaq ki, ölkənin qərarverici orqanları bu məsələ ilə bağlı qərarı dəyişməz qalıb, o zaman heç kəsin dövlətə aid xəstəxanalarda bu xidməti pullu etməyə hüququ yoxdur.
Amma bu məsələ özəl xəstəxanalarda isə daxili qərarla nizamlanır. Buna da kimsə qarışa bilməz. Pullu xidmət sadəcə bir təklifdir. Heç kimi ondan istifadə etməyə məcbur etmək olmaz. Nə də ki, xidməti ləğv etmək olmaz.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyir ki, baş həkim bu barədə qərar ala bilməz:
“Təcili tibbi yardım dövlətin nəzarətində olmalı və dövlət vəsaiti hesabına keçirilməyə davam etməlidir. Vətəndaş çağırışının təcili yardım aid olmasını, yoxsa poliklinikaya müraciət etməli olduğunu özü müəyyən edə bilməz. Amma bu sahədə başqa üsullar da var. Vətəndaşın poliklinika xidmətini yaxşılaşdırmaqla, onun ailə həkimi xidmətindən istifadə etməsini asanlaşdırmaq olar”.
Deputat burada “ailə həkimi” kimi vacib məqama toxunur. Əgər ərazi üzrə poliklinikalarda qeydiyyatda olan ailələr üçün ailə həkimləri təyin olunsa, vətəndaş özünü pis hiss etdikdə öncə ailə həkimindən məsləhət almalıdır. Daha sonra onun göstərişinə görə təcili yardıma ehtiac olub-olmaması müəyyənləşdirilməlidir. Həmçinin, mütəmadi olaraq bir neçə ay fasiələ ilə ailə həkiminə müraciət edilməli, narahatlıqlarla bağlı müayinədən keçilməlidir. Bu zaman sağlamlığımızı son həddə təcili tibbi yardım çağırmaq mərhələsinə qədər gətirməmiş olarıq.
Musa Qasımlı bir fikir də qeyd edib ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası “Elektron hökumət” çərçivəsində “Elektron səhiyyə” proqramını həyata keçirir ki, burada əsas missiyalardan biri əsassız çağırışların aradan qaldırılmasıdır.
““Elektron səhiyyə” işə düşəndən sonra vətəndaşların şəxsiyyət vəsiqəsi və ya elektron sağlamlıq kartına xüsusi çiplər yerləşdiriləcək. Bu zaman çağırışa gedib-getməmək barədə qərar alınacaq.
Lakin, bu xidmət heç vaxt ödənişli olmayacaq. “Elektron səhiyyə” proqramı hazır olduqdan sonra, ola bilər ki, gələcəkdə müəyyən çağırışlar sığorta paketinə daxil olunsun”.
Millət vəkilinin söylədiyi bu proqram həyata keçirilərsə, həqiqətən də bu sahədə mövcud problemlərin bir çoxu həll edilmiş olar.
Unutmayaq ki, hər kəsin sağlamlıq xərcini qarşılamaq üçün hər il dövlət büdcəsindən dövlət xəstəxanalarına maliyyə vəsaiti ayrılır.
Heç kəs bunu öz cibindən xərcləmir ki, pulun çatıb-çatmadığını desin. Əgər bu məsələ ilə bağlı hər hansı ehtiyacları varsa, onda Maliyyə Nazirliyinə müraciət edərək ayrılan vəsaitin miqdarının ayrılmasını tələb edə bilərlər. Amma vətəndaşdan pul tələb etmək haqları yoxdur.
Təcili tibbi yardıma əsassız müraciətlər məsələsi isə maariflənmə ilə bağlıdır. Belə müraciətlərin qarşısını pul tələb etmə ilə deyil, maariflənməni gücləndirməklə almaq mümkündür. Qanunvericiliyə görə, telekanallarda sosial reklam vermək olar. Düşünürəm ki, cəmiyyəti maraqlandıran, düşündürən yaradıcı sosial çarxlara ehtiyac var. Türkiyədə bununla bağlı müsbət nümunələr var. Bizdə də belə addımlar atılsa problem həll olar.
Fərid Ədalət