Sentyabrın 7-də Bakıda Türkiyədə iyulun 15-də baş vermiş dövlət çevrilişindən bəhs edən “Xəyanətdən qələbəyə” adlı sənədli filmin təqdimatı olub.
Türkiyənin Azərbaycandakı səfirliyinin, TRT kanalının və Anadolu Agentliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, diplomatlar, deputatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Türkiyənin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Tədbirdə çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əlaqələndiricisi Adəm Urfa bu tədbiri təşkil etməklə 15 iyul hadisələri zamanı Türkiyədə nə dərəcədə böyük təhlükənin aradan qaldırıldığını göstərmək istədiklərini bildirib. O, bu mübarizədə Azərbaycanın da Türkiyənin yanında olduğunu vurğulayıb.
Anadolu Agentliyinin Asiya və Qafqaz üzrə bölgə müdiri Tolqa Özgenç 15 iyul gecəsi Azərbaycan xalqının da Türkiyə xalqı kimi yuxusuz qaldığını qeyd edib. O deyib: "15 iyul bizim üçün böyük sınaq idi. Biz artıq FETÖ-nun necə bir təhlükəli təşkilat olduğunu anlayırıq. Bunu dost və qardaş bildiyimiz ölkələrə də anlatmaq istəyirik".
TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan 15 iyul gecəsi türk xalqının demokratiyanın qorunması uğrunda öz canını qurban verməyə hazır olduğunu sübut etdiyini söyləyib.
Daha sonra sənədli film nümayiş etdirilib.
AZƏRTAC