ABŞ-ın Missuri ştatından olan, tez-tez dünyanın müxtəlif bölgələrinə səyahət edən səyyah Meri Klark Azərbaycana səfər edib.
Xanım Klark səfərləri ilə bağlı təəssüratlarını bloq yazılarında bölüşür. Onun səfərlərindən çəkilmiş şəkillər isə Sent Luis şəhərinin “Saint Louis Post Dispatch” qəzetinin “Səyahətlər” bölməsində dərc olunur.
Azərbaycana səfəri zamanı Meri Klark Bakını gəzib, UNESCO-nun Dünya İrs Siyahısına salınmış Qız Qalası və Şirvanşahlar sarayını ziyarət edib. O, həmçinin Şamaxıda, İsmayıllı rayonunun Lahıc qəsəbəsində, Qəbələdə, Zaqatalada, Qaxda və Şəkidə olub. Azərbaycanın şimal bölgəsində olarkən M.Klark Şəki xanlarının sarayı və Kiş kəndində yerləşən Qafqaz Alban Kilsəsi, bir çox tarixi abidələr ilə tanış olub. Xanım Klark Azərbaycana səfərindən razı qaldığını və tezliklə ölkəmizə qayıdacağını bildirib.
O deyib: “Mən Azərbaycanda heç vaxt olmamışdım və bu ölkə haqqında o qədər də çox məlumatım yox idi. Burada yaşayan insanların səmimi və qonaqpərvər olduğunu gördüm. Yeməklər çox dadlıdır. Azərbaycan xarici səfər üçün çox gözəl ölkədir. Mən xarici səyahətçiləri buraya səfər etməyə çağırıram. Düzünü desəm, Azərbaycan vaxtilə keçmiş Sovet İttifaqının tərkib hissəsi olduğuna görə buraya səyahət etməyə bir az çəkinirdim. Ancaq bu ölkəyə səfər etdikdən sonra hökumətin çox yaxşı işlər gördüyünün şahidi oldum. Burada bütün dinləri təmsil edən insanların birlikdə yaşamaları və işləmələri üçün şərait yaradılıb.
Azərbaycanın rayonlarında oldum, insanların mehribanlığını, xüsusilə də ölkənin şimal hissəsinin gözəl dağlarını gördüm. Rayonlarda yediyim yeməklər də çox ləziz idi. Bundan başqa, ilk xristian kilsəsi olan Kiş kilsəsini ziyarət etdim. Bu, mənim üçün gözəl təcrübə idi. Mən Azərbaycanda çoxlu şəkillər çəkdim və bu şəkilləri ABŞ-da tanıdığım hər kəsə göstərəcəyəm. Azərbaycana səfərimdən həqiqətən də çox razı qaldım”.
AZƏRTAC