Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov BP şirkəti tərəfindən 18 avqust tarixində yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2016” layihə təqdimatı yarışmasında 29 təcrübəçi arasından seçilərək birinci yeri tutub.
1news.az-a BANM-dan verilən xəbərə görə, Elşən Mikayılov özünün “Bridge Racking Crane Grip Guide İnterlock” adlı proqram təminatı yenilənməsi layihəsini yarışda uğurla təqdim edərək birinci yerə layiq görülüb. Bu ilin yayında BANM-in ümumilikdə, 17 tələbəsi BP-də istehsalat təcrübəsi keçib.
Qeyd edək ki, Mikayılov Elşən Rövşən oğlu 1996-cı ildə Göyçay rayonunda anadan olub. 2002-ci ildə Göyçay rayonu Qızılağac kənd tam orta məktəbində təhsil almağa başlayıb. Təhsil müddətində iki dəfə “İlin ən yaxşı şagirdi” adına layiq görülüb. 2013-cü ildə orta məktəbi bitirərək TQDK-nın ali məktəblərə I ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında 682 bal toplayaraq BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasına daxil olub və Prezident təqaüdünə layiq görülüb. Ali Məktəbdə keçirilən intelektual yarışlarda, seminar və təlimlərdə fəal iştirak edir. 2016-cı ildə BANM-də keçirilən “1-ci Robotiks Yarışması”nda “Moon Walkers” komandasının üzvü olaraq 2-ci yerə layiq görülüb.
Xatırladaq ki, keçən il BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan tələbəsi Fidan Səlim-zadə də iyulun 2-dən sentyabrın 10-dək BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən “Texno Fest 2015” müsabiqəsinə qoşulmuşdu və I yeri qazanmışdı.
Məlumat üçün bildirək ki, BP-nin hər il həyata keçirdiyi “Texno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Texno Fest”yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.
1news.az