Silahlı Qüvvələrdə “Milli mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət!” devizi altında keçirilən silsilə tədbirlər aylığı davam edir.
Respublikamızın Muğan bölgəsinin bir qrup ağsaqqalı aprel döyüşləri zamanı işğaldan azad edilmiş zirvələrdə olub və Vətənin igid oğulları ilə görüşüblər.
Əvvəlcə Lələtəpədə el qəbiristanlığı ziyarət edilib, 23 ildən çox Azərbaycan əsgərinin yolunu gözləmiş soydaşlarımızın ruhuna “Yasin” oxunub.
El ağsaqqallarını müşayiət edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani iştirakçısı olduğu aprel döyüşlərini xatırladaraq diqqətə çatdırıb ki, həmin günlər əsgərlərimiz qələbə qazanmaq əzmi ilə döyüşlərə atılıb və düşmən üzərinə od ələyiblər. Mövqelərimizə silahlı basqın etmiş ermənilər ordumuzun əks-həmlə ilə hücuma keçdiyini görüb silah-sursat və döyüş texnikalarını ataraq qaçmağa məcbur olublar. Həmin günlər düşmən gözləmədiyi halda Azərbaycan ordusunun qətiyyətli zərbəsinə tuş gəlmişdi. Cəbhənin Goranboy, Tərtər, Ağdərə istiqamətlərindən də qələbə müjdələri eşidilirdi. Bu, Azərbaycan dövlətinin və Ordusunun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha təsdiq edən müqəddəs savaş idi. Aprel döyüşlərində əsgər və zabitimiz şəhidlik zirvəsinə ucalsa da, şəhidlərimizin intiqamı birə-on qat alındı.
Bildirilib ki, döyüşdə qəhrəmanlıqla həlak olanların, eləcə də şəxsi rəşadət və şücaət nümunələri göstərən döyüşçülərimizin xidmətləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, onlara fəxri adlar verilib, orden və medallarla təltif olunublar. İgid döyüşçülərimiz Vətən torpaqlarının keşiyində bu gün də ayıq-sayıq durur, azad etdikləri mövqeləri möhkəmləndirir və Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.
Sonra şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, müharibə qazilərinə böyük uğurlar arzulanıb.
Lələtəpə uğrunda döyüşlərdə göstərdikləri şəxsi rəşadətə görə Prezidentin Sərəncamına əsasən, “İgidliyə görə” medalı ilə təltif olunmuş zabit Nemət Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Teymur Əliyev və Rövşən Rəhimov aprel döyüşlərini xatırladaraq Ordumuzun hərbi qüdrətini dünyaya nümayiş etdirdiyi həmin şərəfli günlərdən danışıblar.
Qeyd edilib ki, Lələtəpə zirvəsində dalğalanan bayraq vaxtilə bu bölgədə gözlərinin nurunu itirmiş, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin şərəfinə ilk Avropa Oyunlarında ucaldılan bayraqdır. Aprel döyüşlərindən bir neçə ay öncə igid döyüşçü xidmət etdiyi hərbi hissənin şəxsi heyəti ilə görüşmüş və bu bayrağın tezliklə işğaldan azad ediləcək əzəli torpaqlarımızda dalğalanmasını arzulamışdı. Görüş iştirakçıları “Rio-2016” XV Paralimpiya Oyunlarında İlham Zəkiyevin yenə də uğur qazanacağına əminliklərini bildiriblər.İmişli rayonundan olan el ağsaqqalı Hacı Mail Hacıyev Lələtəpə fatehləri ilə bir səngərdə olmaqdan böyük qürur duyduğunu deyib. Onun Məhəmməd Füzulinin “Vətənimdir” qəzəlini böyük şövqlə söyləməsi əsgərlərdə xoş ovqat yaradıb.
Hacı Mail İslam dinində şəhidliyə xüsusi önəm verildiyini, onların ölməzliyini vurğulayıb. O, fəxrlə bildirib ki, İmişlidən olan kapitan Nəcməddin Savalanov və baş leytenant Cavid Dədəkişiyev də aprel döyüşlərində öz şərəfli ölümləri ilə əbədiyyətə qovuşub və gəncliyə nümunə olublar.
Sabirabad rayonundan olan Hacı Əliqardaş İbrahimov xalqımızın Ali Baş Komandanına inandığını, Vətən əsgərinə güvəndiyini böyük inamla qeyd edərək, aprel döyüşlərində məhz bu inamın qələbə çaldığını vurğulayıb. O, çıxışını peyğəmbərimizin “Sərhəddə keşik çəkən gözləri cəhənnəm odu yandırmayacaqdır” kəlamı ilə bitirib.
Saatlı rayonundakı altı Ahısqa kəndinin ağsaqqalı Əmir Hocanın çıxışı da alqışlarla qarşılanıb. Oğlunun Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdə olduğunu fəxrlə vurğulayan el ağsaqqalı minlərlə Ahısqa türkü kimi onun da 1958-ci ildə minillik dədə-baba yurdlarından Azərbaycana sürgün edildiyini bildirib. Qeyd edib ki, Ahısqa türkləri Azərbaycanda özlərinə ikinci Vətən tapıblar. Azərbaycanlılarla sevincləri də, kədərləri də bir olub. Onlarla Ahısqa türkü Qarabağ uğrunda döyüşlərdə şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı şəhid İsgəndər Aznaurovun 60 illik yubileyinin Müdafiə Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd olunduğunu deyən Əmir Hoca Azərbaycanda Ahısqa türklərinin və bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşadıqlarını xatırladıb.
Əmir Hocanın dediyi “Nə qədər Ahısqa türküyəmsə, o qədər də azərbaycanlıyam. Nə qədər azərbaycanlıyamsa, bir o qədər də Ahısqa türküyəm” sözləri əsgərlər tərəfindən alqışlanıb.
Lələtəpə döyüşlərində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş polkovnik Şükür Həmidovun zirvəyə qalxması və görüş iştirakçılarına qoşulması həm qonaqlarda, həm də döyüşçülərdə böyük ruh yüksəkliyi yaradıb. Milli Qəhrəman el ağsaqqallarını salamlayıb və Qurban bayramı ərəfəsində onların bu zirvəyə qalxmalarını tədqirəlayiq hal kimi qiymətləndirib. Əmin olduğunu bildirib ki, el ağsaqqallarının xeyir-duası, məsləhət və tövsiyələri ilə öz xalqına, dövlətinə və Ali Baş Komandanına sadiq olan Azərbaycan əsgəri bundan da böyük qələbələrə imza atacaq.
Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sabirabad, İmişli, Saatlı, Beyləqan və Xocavənd rayonları üzrə şöbəsinin müdiri Cavanşir Bəhramov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad və Saatlı rayonları üzrə səlahiyyətli nümayəndəsi Kərbəlayi Ağakərim, Saatlı rayon Varxan kənd məscidi dini icmasının sədri və axundu Yadigar Aslanov, Sabirabad ağsaqqallarından Şamil Həsənov, Qulamhüseyn Məmmədov, İmişli rayon Aranlı kənd məscidi dini icmasının sədri Sərxan Kərimov çıxış edib, döyüşçüləri maraqlandıran sualları ətraflı cavablandırıblar.
Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Elçin Kərimov bayram ərəfəsində əsgərlərə baş çəkdikləri, onlara dəyərli öyüd-nəsihətlər verdikləri üçün el ağsaqqallarına komandanlığın minnətdarlığını bildirib.
Tədbirdə Əməkdar Jurnalist Rəşid Faxralının “Lələtəpə” kitabı görüş iştirakçılarına hədiyyə edilib.
El ağsaqqalları Lələtəpədə qurbanlar kəsib, döyüşçülərə xalqımızı yeni-yeni qələbə müjdələri ilə bir daha sevindirməyi arzulayıblar.
Ağsaqqallar tankçılarla da görüşüb, hərbi hissənin qərargahı önündə toplanmış əsgər və zabitlərin qarşısında çıxış edib, aprel döyüşlərinə həsr olunmuş videoçarxları birlikdə izləyiblər.
Gəncə Qarnizonu Zabitlər Evinin səyyar laboratoriyasında çap edilən fotolar qonaqlar üçün ən əziz xatirə hədiyyəsi olub.
Muğanın el ağsaqqalları cəbhə bölgəsindən gecədən xeyli keçmiş xoş təəssüratlarla ayrılıblar.
AZƏRTAC