Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) İsmayıllı Rayon Baytarlıq İdarəsi və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları alınmış anonim məlumat əsasında birgə reyd keçiriblər.
1news.az-a Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən xəbərə görə, reyd nəticəsində İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu gizlin şəkildə, qanunsuz olaraq rayonun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında 300 kiloqram miqdarında 3 baş atı kəsib tədarük edərkən saxlanılıb.
Araşdırma zamanı heyvan ətinin mənşəyinin məlum olmadığı, baytarlıq-sanitariya nəzarətindən keçmədiyi, sağlamlığına dair heç bir müşayiətedici baytarlıq arayışı olmadığı, ətlərin xarici görünüşündən onların yeni kəsildiyi, dərisi, baş-ayaqları, içalatı ətlərdən ayrılaraq ətrafa səpələnməsi və kəsimin antisanitar şəraitdə aparılması müəyyən edilib.
Aşkarlanmış heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək qida üçün yararlı olub-olmamasının, bakterioloji və biokimyəvi göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Qeyd olunub ki, laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcəkdir.
1news.az