Xəbərlər

Mozaikanı sökdürən rektor: “Bu işi bu qədər şişirtməyin mənası yoxdur. Çünki...”
05 sentyabr, 2016 15:55

Məlum olduğu kimi, Bakı Slavyan Universitetinə (BSU) yeni təyin edilmiş rektor Nurlana Əliyevanın universitetin giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaikanın sökülməsiylə bağlı göstəriş verməsi cəmiyyətdə narazılıqla qarşılanıb.

Qeyd edək ki, universitet rəsmisi Əbülfəz Nağıyev, eləcə də rektor N.Əliyeva mozaikanın sökülməsini daşların tökülməsi və həmin mozaikanın heç bir tarixi dəyərinin olmaması ilə əsaslandırıblar.

Başqa bir səbəb kimi isə mozaikadan qopan daş parçalarının yaxınlıqdan keçən insanlar üçün təhlükə yaratması və ətraf binalarda yaşayan sakinlərin bundan şikayət etmələri göstərilib.

Lakin yeni rektorun belə bir qərar qəbul etməsi Təhsil Nazirliyində də narazılıqla qarşılanıb. Belə ki, bu yaxınlarda nazirlikdə keçirilən kollegiya iclasına N.Əliyeva da çağırılıb və nazir Mikayıl Cabbarov mozaikanın sökülməsi ilə bağlı ona ciddi xəbərdarlıq edib.

Buna baxmayaraq N.Əliyevanın ona edilən xəbərdarlıqla razılaşmaması atdığı addımı düzgün hesab etməsini düşünməyə əsas verir. Belə ki, Qafqazinfo.az-a müsahibə verən rektor universitetdə aparılan təmir və bərpa işlərindən danışmaqla yanaşı, mozaikanın sökülməsinin doğru addım olduğunu əsaslandırmağa çalışıb:

“Mozaikaya bizim dünya ədəbiyyatına daxil olan 6 şəxsiyyətin şəkli həkk olumuşdu. Nizami Gəncəvi, Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov. Bu şəxsiyyətlərə nəinki etinasız yanaşmaq, o sözü dilə gətirmək belə günahdır. Onlar bizim millətin sərvətidir. Onlar millətin yaratdıqlarının fövqündə duran şəxsiyyətlərdir. Mən bunların hamısının fərqinə varıram və gözəl anlayıram. O şəxsiyyətlərin yaradıcılığını da 95 faiz əzbər bilirəm. Milli sərvətlərimizə hörmət insanın daxilində, beynində yaşamalıdır. Amma vaxtilə hər hansı sənətkarın çox böyük əziyyətlər bahasına, həm də universitetin xərci bahasına tikdirdiyi o mozaika artıq 46 il idi ki, o divara həkk olunmuşdu. Bu 46 ildə ultrabənövşəyi şüalar, yağış, qar, isti, soyuq hamısı onun üstünə vurmuşdu. Onun görünmə səviyyəsi solğunlaşmışdı, əhəmiyyətini itirmişdi. Hətta bizim dəvətimizlə Mədəniyyət Nazirliyinin Tarixi abidələrin bərpası, qorunması Xidmətindən gəlmiş mütəxəssislər dedilər ki, onun arxasındakı kərpicin içi boşaldılmış kərpicdir. Nə yaxşı ki, uzun illər bu mozaikanı saxlaya bilib”.

N.Əliyeva mozaikanın bərpasının mümkün olmadığını da sözlərinə əlavə edib:

“Mozaikanın təzədən bərpa etmək o demək idi ki, orada drellə işlər getməli idi. Halbuki dreli bir dəfə ora vuran kimi hamısı yerə töküləcəkdi. Bir dəfə tələbəmizin başına ordan qəlpə də düşüb.

Yenisini quraşdırmaq da mümkün deyildi. İndi göstərdiyim kimi universitetin fasadı şərq üslubunda olacaq. Mozaikalar XX əsrdə dəbdə idi. Uşaq bağçalarına, avtobus dayanacaqlarına, lagerlərə vururdular. O vaxt dəbdə idi. Bu gün bu mozaikanı bu qədər şişirtməyin ona görə mənası yoxdur ki, nə bu bina tarixi abidədir, nə də mozaika bədii əhəmiyyət kəsb edirdi. O mozaika ona görə qiymətli idi ki, orada dühaların şəkli var idi. Mozaikanın özünün isə bir sənət əsəri kimi böyük əhəmiyyət kəsb etdiyini deyə bilmərik”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinə, eləcə də  Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etdiklərini diqqətə çatdıran N.Əliyeva həmin qurumlardan gələn cavablarda Bakı Slavyan Universitetinin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülmədiyinin, BSU-nun üzərində olan 1972- ci ilə aid pano mozaikasının daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülmədiyinin qeyd olunduğunu bildirib:

“Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktuba gələn cavabda isə bildirilir ki, “Universitet binasının fasadında olan mozaikanın sökülüb yerində yeni fasadın qurulmasına etiraz etmirik”.

Məsələnin maraqlı tərəfi ondadır ki, universitet rəhbərliyi adıçəkilən qurumlardan cavab aldığı halda, Təhsil Nazirliyinin cavabını gözləməyi lazım bilməyib, nazirliyin susqunluğunu isə razılıq kimi qəbul edib:

“Məsələ ilə bağlı Təhsil Nazirliyində məktuba baxıldı, ancaq bizə cavab gəlmədi. Sözün düzü, belə başa düşdüm ki, yəqin, razıdılar və ona görə cavab vermirlər. Razı olmasaydılar zəng vurub deyərdilər ki, sökülmə prosesini dayandırın. Təhsil Nazirliyi də yəqin ondan rəncidə düşüb ki, biz yarıdan sonra niyə işimizi dayandırmayıb davam etdirdik. Mən belə düşünürəm. Əslində mən bu işi görməmişdən əvvəl bir məqsədim olub. Bakı Slavyan Universiteti qapısından tutmuş ta sonuncu mərtəbəyə qədər müasir tələbləri özündə ehtiva edən təhsil müəssisəsinə çevrilsin. Yəni əgər mənim mozaikanı sökəndən sonra onun yerində planlaşdırdığımız və dizaynerin verdiyi təsdiq olunmuş fasad ətrafda insanların zövqünə oxşayacaq bir şəkildə olacaqsa, mən burada hər hansı problem görmürəm”.

Rektorun da etiraf etdiyi kimi, Təhsil Nazirliyinin razılığı olmadan mozaikanın sökülməsi işi davam etdirilib. Universitet rəhbərliyinin hansı məntiqdən bu addımı atması, yəni, nazirliyin cavab verməməsini razılıq kimi qəbul etməsi isə başadüşülən deyil.

Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, haqlı narazılıqlara, Təhsil Nazirliyi tərəfindən ciddi xəbərdarlıq almasına baxmayaraq hələ də mozaikanın sökülməsində yanlış addım atdığını hesab etməyən N.Əliyeva baş verənlərdə daha çox mətbuatı günahlandırır. Məsələni işıqlandıran mətbuat nümayəndələri haqqında çox aqressiv danışan rektor onları özünə qarşı qərəzli münasibətdə günahlandırıb. Hətta adını açıqlamadığı jurnalistlərdən birinin ondan pul qopartmaq istəməsinə eyham vurub:

“Burada məsələ kütləvi informasiya vasitələrinin şərhindən gedir. Mən bu gün KİV-lər içərisində az sayda media tanıyıram ki, onlar həqiqəti deyirlər. Bu mozaikanı bəhanə edib mənim haqqımda nələr demədilər ki.

Məsələn, mənim haqqımda şayiə yazan şəxs mənə belə bir sms göndərdi. “Nurlana xanım salam. Sizdən yazı çıxır, onunla bağlı danışmaq istəyirdim. “Ş” hərfinə də dollar işarəsi qoyub. İndi başa düşdünüz ? Mən əgər ana olmasaydım, qarşımdakının oğlum səviyyəsində olmasını beynimdə götür-qoy etməsəydim, bunu elə beləcə də mətbuatda yayardım. Məhkəməyə verərdim. Lakin həmin adamın adını açıqlamaq istəmirəm. Ona görə ki, ailəsi gəlib gözümün qabağında durur. Gənc ailəsi, körpə uşaqları, ağbirçək anası var. O adam xislətini dəyişməlidir”.

Göründüyü kimi, N.Əliyeva məsələnin mahiyyətini tam dərk etmədən özünə bəraət qazandırmağa çalışmaqla yanaşı, mətbuat nümayəndələrini ona qarşı qərəzli münasibətdə günahlandırır. Əgər jurnalistlərin ona qarşı yazdıqları qərəzli olsaydı nə üçün təhsil naziri tərəfindən xəbərdarlıq edilib. Bəlkə bunda da jurnalistlər günahkardırlar?

Onu da deyək ki, məqsədimiz heç də N.Əliyevanı hədəfə almaq, onun yeni təyin olunduğu universitetdə gördüyü işlərə kölgə salmaq deyil. Sadəcə N.Əliyevanın öz peşə borclarını yerinə yetirən, haqlı narazılığa səbəb olan bir məsələni ictimailəşdirən mətbuat nümayəndələrinə qarşı bu cür aqressiv mövqedə olması anlaşılan deyil. Ümid edirik ki, N.Əliyeva bu dediklərimizi də qərəzli hesab etməyəcək.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.