Sentyabrın 5-də Bakı İstedadlar Təhsil Kompleksində (BİTK) yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
1news.az-a SOCAR-dan verilən xəbərə görə, tədbirdə yerli və xarici müəllimlər, məktəbin heyəti, şagird və onların valideynləri iştirak ediblər. Bu il açılış tədbirinə məktəbin tərəfdaşı olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Məktəbin direktoru Siqve Austem məktəbdə Kembric Əsas Tədris planının tədris olunduğunu qeyd edib. Bildirib ki, bu il məktəb tərəfindən 8 azərbaycanlı müəllim Nottinqem Universitetinə PGCEi ixtisas artırma kurslarına göndərilib, gələn ildə də yerli müəllimlərin ixtisas artırma təlimlərinə göndərilməsi nəzərdə tutulur.
SOCAR-ın prezidenti şirkət və ölkənin inkişafı üçün insan resurslarının əhəmiyyətindən danışıb. R.Abdullayev SOCAR-ın transmilli şirkətə çevrilərək Azərbaycanın aktivlərini beynəlxalq miqyasda məharətlə idarə etdiyini deyib.
“Bu gün SOCAR Azərbaycanda ən çox işçisi olan şirkətdir. İnvestisiya layihələrimiz Azərbaycanın dövlət büdcəsinə milyardlarla əlavə gəlir gətirməkdədir”, - deyə SOCAR-ın prezidenti əlavə edib.
Sənaye obyektlərinin əhəmiyyətindən söz açan R.Abdullayev hər bir inkişafın əsasında duran insan faktorunun rolunu vurğulayıb, şirkət və ölkənin gələcək inkişafını ilk növbədə məhz yüksək savadlı gənclərin yetişdirilməsi ilə əlaqələndirib.
Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Ali Neft Məktəbi (BANM) və sair kimi təhsil ocaqlarının tərəfdaşı olan SOCAR ölkədə təhsilin inkişafına mühüm töhfələr verir. Tələbələrə keyfiyyətli təhsil imkanı yaratmaq və daha yüksək nəticələrə təşviq etmək üçün şirkət tərəfindən bir sıra təşviqat tədbirləri reallaşdırılır. Yerli və xarici ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr arasında təqaüd müsabiqələri keçirilir. Hazırda yüzlərlə tələbə SOCAR təqaüdü ilə ölkə daxilində və xaricdə keyfiyyətli təhsil alırlar.
Tədbirdə qeyd olunub ki, bu ildən etibarən SOCAR-ın təqaüd müsabiqəsi həm də BİTK-nin orta məktəb şagirdləri üçün keçirilib, Britaniya proqramı üzrə keçirilən müsabiqənin nəticələri Böyük Britaniyada müstəqil nəzarətçilər tərəfindən yoxlanılıb. İmtahan iştirakçılarından səkkiz şagird - Elfi Əliyeva, Yüksəl Bədəlov, Arslan Məhərrəmli, Ömər Qəhrəmanov. Lyudmila Podqornaya, Aslan Hüseyn, Camal Hüseyn və Nihat İbrahimov ən yüksək nəticə əldə edib və SOCAR-ın təqaüdünə layiq görülüblər.
SOCAR-ın prezidenti təqaüd sertifikatlarını gənc mükafatçılara təqdim edib və bu münasibətlə onları təbrik edib. Tədbirin davamında təqaüdçülər və onların valideynləri çıxış edib, belə bir imkanın təşkil olunmasına görə təşəkkürünü bildiriblər. Tədbirdən sonra SOCAR-ın prezidenti məktəbdə baxış keçirib, şirkətin dəstəyi ilə aparılmış əsaslı təmir işlərinin nəticələri ilə tanış olub.
Qeyd edək ki, Bakı İstedadlar Təhsil Kompleksi 2012-ci ildə Britaniya məktəbi kimi SOCAR-ın dəstəyi ilə təsis olunub. Məktəbdə tədris Britaniya kurikulumu əsasında yerli və xarici müəllimlər tərəfindən aparılır.
1news.az