Azərbaycanda avtomobil yollarında reklam yerləşdirilməsinə qoyulan qadağa ləğv edilib, yollarda reklam yerləşdirilməsinin şərtləri müəyyən edilib.
1news.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri Qaydaları”nda əksini tapıb.
Qaydaya əsasən indiyə qədər hərəkətin təhlükəsizliyini təmin etmək üçün avtomobil yollarında və təhkim zolağında hərəkətin təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və transparantların quraşdırılması qadağan edilib.
Qaydaya edilən dəyişikliyə əsasən isə avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməyən, yol hərəkəti iştirakçıları üçün maneə və təhlükə yaradan, onların həyat və sağlamlığına təhlükə yarada bilən, sürücülərin yol şəraitini qiymətləndirməsini çətinləşdirən, yol hərəkəti nişanlarına və yazılarına bənzəyən reklam qurğularının yerləşdirilməsinə yol verilmir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır.
1news.az