“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir.
ASC-dən 1news.az-a verilən məlumata görə, Azərbaycan Respublikası hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.
Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilib və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb.
Magistral kəmərin uzunmüddətli istismarını təmin etmək üçün tikintidə istifadə olunan boruların üzəri korroziyaya qarşı izolyasiya olunub. Kəmərlə axıdılacaq içməli suyun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün borular daxildən qida sənayesində istifadəsinə icazə verilən xüsusi boyalarla izolyasiya edilib. Kəmərin inşası ilə paralel “Alatava” su anbarındakı mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri həyata keçirilir.
Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir. Tikinti şirkəti tərəfindən indiyədək 25 km su, 16 km kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb, 474 kanalizasiya quyusu quraşdırılıb, ünvanlara birləşmələr verilib. Növbəti mərhələdə su şəbəkəsinə qoşulmaların verilməsi və sayğacların quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır. Bununla da Badamdar qəsəbəsində istehlakçıların fasiləsiz su təminatı mümkün olacaq, eyni zamanda mərkəzləşdirilmiş qaydada su və kanalizasiya şəbəkələrinə qoşulmayan əhalinin bu xidmətlərindən istifadəsi imkanı yaranacaqr.
Qeyd edək ki, Azərbaycan Respublikası hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə layihəsi çərçivəsində Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemləri də yenidən qurulacaq. Artıq layihə üzrə tender elan olunub və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanacaq.
1news.az