Bu il iyunun əvvəlindən 16-dək Gədəbəy ərazisində baş verən güclü yağışlar nəticəsində rayonun Ermənistanla təmas xəttində olan Hacılar kəndi dairəsinə məxsus Əyridərə kəndində eni 30 metr, uzunluğu 50 metr və dərinliyi 5 metr olan torpaq sürüşməsi baş verib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev məlumat verib.
N.Paşayev bildirib ki, sürüşmə nəticəsində 5 hektardan artıq biçənək sahəsi, qismən kartof əkinləri və 250-300 metrdən çox avtomobil yolu tamamilə yararsız hala düşüb. Əyridərə kəndi ərazisində torpaq sürüşməsinin baş verməsindən 2 aydan çox müddət keçməsinə baxmayaraq, kəndi digər sahələrlə birləşdirən avtomobil yolu hələ də bağlıdır.
Əhalinin avtomobillə və piyada hərəkəti tamamilə dayanıb. Kənd ərazisində daha 10 yerdə xırdahəcmli sürüşmələr mövcuddur. Əyridərə kəndinin avtomobil yollarının sürüşmə kütləsindən təmizlənməsinə və əhalinin normal həyat şəraitinin bərpa olunmasına ehtiyac var.
1news.az