Dünən axşam saatlarında Neftçala rayonunun Aşağı Surra kənd sakini, 38 yaşlı Cəfərov Vasif İmanxan oğlu döyülərək, xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
1news.az virtualaz.org-a istinadən bildirir ki, o, çənə və üz nahiyəsindən xəsarətlər alıb və əlamətlərinə görə, beyin travması almasına şübhə yaranıb.
Sürücünün yaxınlarının bildirdiyinə görə, o, tanımadığı şəxslər tərəfindən döyülüb.
Belə ki, zərərçəkən idarə etdiyi avtomobillə kəndin kənarından keçən yoldan evlərinə tərəf hərəkət edərkən, yolda hərəkət üstündə onunla yoldan keçən toy karvanında olan sürücülər arasında münaqişə yaranıb.
Nəticədə, həmin şəxslər Vasifi döyərək xəsarət yetiriblər. Xəstəxanaya yerləşdirilmiş Vasif Cəfərovun bu gün qızının toyu olduğu üçün öz təkidi ilə xəstəxanadan müvəqqəti olaraq buraxılıb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
1news.az