İstehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.
1news.az-ın məlumatına görə, bu çərçivədə istehlakçıların maarifləndirilməsində mühüm əhəmiyyət kəsb edən müxtəlif konfrans və seminarlar təşkil edilir, KİV-lərdə istehlakçı hüquqları ilə bağlı məlumatlar yayılır, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda bukletlər, yaddaş kitabçaları və digər əyani vəsaitlər hazırlanaraq istehlakçılara paylanılır.
Bu istiqamətdə növbəti tədbir avqustun 26-da Gədəbəy rayonunda keçirilib. Aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və 150-ə yaxın istehlakçının iştirakı ilə keçirilən “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçı hüquqlarının qorunmasında maarifləndirmənin, təbliğat-təşviqat işlərinin əhəmiyyətindən danışıb, Xidmətin həyata keçirdiyi maarifləndirmə tədbirləri, istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət qurumları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarına dair məruzələrlə çıxış edib, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Həmin gün həmçinin, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Gədəbəydə fəaliyyət göstərən və malları (işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün təlim kursu keçirilib.
Təlimdə iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.
1news.az