Baş prokuror Zakir Qaralov avqustun 26-da Balakən rayon prokurorluğunun inzibati binasında Balakən, Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan vətəndaşları qəbul edib.
1news.az-ın məlumatına görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z.Qaralov bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması üçün tapşırıqlar verilib.
Yekunda Baş prokuror tabe prokurorların iştirakı ilə müşavirə keçirməklə, vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
1news.az