Sumqayıt şəhərində yollarda velosipedlərin hərəkəti üçün ayrıca zolaq salınıb.
1news.az xezerxeber-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində velosipedçilərin hərəkəti üçün yolda ayrıca zolaq salınıb. 8 kilometrlik velosiped zolağı Novxanı-Sumqayıt yolunda ayrılıb. Bu zolağa daxil olan sürücülər cərimələnəcəklər.
Sumqayıtda bir ilk. Velosipedçilər yolda onlar üçün ayrılan xüsusi zolaqlardan istifadə edəcəklər.
Novxanı Sumqayıt yolundan hərəkət edən velosipedçilər bundan sonra bu yoldan daha rahat istifadə edəcəklər. Çünki, yolun kənarında onlar üçün xüsusi zolaq çəkilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Novxanı-Sumqayıt yolu 8 kilometr məsafədə təmir edilib və yeni asfalt örtüyü salınıb. Velosipedçilərin təhlükəsiz hərəkət etmələri üçün yolun sağ kənarında velosiped zolağı ayrılıb. Bununla yanaşı, piyadaların təhlükəsiz hərəkəti üçün səkilər də qoyulub.
Şəhərin mərkəzi yollarında da velosiped zolaqlarının ayrılması nəzərdə tutulur. Avtomobillər velosiped zolağında hərəkət etdikdə və ya dayandıqda yol polisi tərəfindən cərimə oluna bilərlər. Qeyd edək ki, Sumqayıtdan başqa Gəncə şəhərində də yollarda velosiped zolaqları ayrılıb.
C.A