Avqustun 25-də Qusar Mərkəzi Kitabxanasının dəstəyilə “Şahdağ” istirahət kompleksində “səyyar kitabxana” günü adlı tədbir keçiriləcək.
Bütün ilboyu burada xarici ədəbiyyat, uşaqlar üçün kitab, Qusarın mədəniyyət xadimlərinin yaradıcılıqları və yeni nəşrlər təqdim ediləcək. Eləcə də kitabxanda Azərbaycanda multikulturalizm, ölkədə turizmin inkişafı, Qusarın Azərbaycanın folklor paytaxtı olması mövzusunda kitablar da olacaq.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” istirahət kompleksi ziyarətçilərin intellektual istirahəti, asudə vaxtının səmərəli keçməsi üçün 2000 kitab, jurnal və bukletlərlə təmin ediləcək. Nəzərə alsaq ki, mərkəzdə yerli sakinlərlə yanaşı əcnəbilər də dincəlir kitablar üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim ediləcək. Qusarın mədəniyyət və turizm məsələləri üzrə departamentinin, eləcə də Mərkəzi Kitabxananın əməkdaşları gün ərzində turistlərə kitab seçimində yardımçı olacaq.
Qeyd edək ki, yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası “Açıq Kitabxana” adlı birgə layihəsi həyata keçirmişdi. Hazırki layihə “Mən oxudum, sən də oxu!” şüarı ilə insanların oxumağa marağını artırmağa yönəlib. Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq respublikanın rayonlarda “səyyar kitabxana” formatını həyata keçirmək qərara alındı.
1news.az