Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı prosesində rahatlıq və əlçatanlığı təmin etmək məqsədilə “Kütləvi çıxarış” kampaniyasını davam etdirir.
1news.az xəbər verir ki, Komitənin həyata keçirdiyi bu sosial layihə sayəsində vətəndaşlar və əmlak sahibləri öz ünvanlarındaca qeydiyyat sənədləri əldə edə bilir.
Kampaniya regionlarda vətəndaşlara xidmət göstərməklə yanaşı, paytaxtda və respublikanın digər şəhərlərində inşa edilmiş çoxmərtəbəli binalarda mənzil sahibi olan sakinlər üçün də təşkil olunur. Belə ki, növbəti dəfə “Kütləvi çıxarış” kampaniyası 24 avqust tarixində Abşeron rayonu, Xırdalan şəhərində yeni tikilmiş binanın sakinləri üçün keçirilib. Kampaniya zamanı vətəndaşlar komitənin mobil ofislərində birbaşa yaşadıqları binanın həyətində qeydiyyat xidmətlərindən faydalanıb.
Kampaniya çərçivəsində 100-ə yaxın bina sakini öz mənzillərinə dair çıxarışlar əldə edib. Həmçinin, bir qisim sakindən çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri qəbul edilib. Bütün bunlar əlçatanlığı artırmaqla vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olmaqdadır.
Qeyd edək ki, xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.
Kampaniya zamanı vətəndaşlara bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hüquqi məsləhət xidmətləri hazırda davam etdirilir. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər. Onların qeydiyyat, prosedurlar və zəruri sənədlərlə bağlı istənilən sualları cavablandırılır.
Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilir. Bu xidmətdə başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilik və prosedurlar barədə vətəndaşları maarifləndirmək və göstərilən xidmətləri daha da sadələşdirməkdir.
Bütün bunlarla yanaşı daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən bir pəncərə prinsipi, əmlakın qeydiyyatı ilə bağlı SMS xidmətlər, elektron qaydada daşınmaz əmlak barədə məlumatların öyrənilməsi, qeydiyyat üçün sərf edilən müddətlərin mərhələli şəklidə azaldılması, regional qeydiyyat ofislərinin müasir standartlara uyğunlaşdırılması kimi tədbirlər qeydiyyat sisteminin kifayət qədər inkişafına səbəb olub. Bu tədbirlərin məqsədi bu sahədə göstərilən xidmətlərdən ölkə əhalisinin daha çevik, rahat, şəffaf bir şəraitdə yaralanmasıdır.
1news.az