Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri avqustun 23-də bir əkin sahəsinə və bir otlaq sahəsində 8 partlayış yerinə baxış keçiriblər.
1news.az-a ANAMA-dan verilən xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda bir partlamamış hərbi sursat - 76 millimetrlik top mərmisi, Ağdam rayonunun Əhmədağalı kəndində partlamış top mərmilərinin, Tərtər rayonunun Həsənqaya kəndində isə hərbi sursatın qalıqları aşkarlanaraq götürülüb. Gün ərzində yoxlanılan ərazi 16 min 300 kvadratmetr təşkil edib.
Ümumilikdə, agentlik tərəfindən aprelin 7-dən avqustun 23-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, beş kənd orta məktəbinə, bir tibb məntəqəsinə, bir metal anbarına, 30 fermaya, əkin sahələrinə, bir şərab zavoduna və bir çınqıl karxanasına baxış olub. Nəticədə 3473 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 31 mina aşkar edilərək zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
1news.az