Builki “SOCAR Yay Məktəbi" layihəsində 30 gənc iştirak edir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə avqustun 21-də keçirilən “SOCAR Yay Məktəbi-2016”nın açılış mərasimində məlumat verilib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Yay Məktəbi-2016”nın iştirakçısı olan gəncləri müsabiqənin qalibi olmaları münasibətilə təbrik edib və məktəbin işinə uğurlar arzulayıb. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışan X.Yusifzadə SOCAR-ın həyata keçirdiyi təhsil proqramları, o cümlədən ''SOCAR Yay Məktəbi'' proqramının məqsədi barədə məlumat verib.
Bildirib ki, SOCAR 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlayıb. Hazırda həyata keçirilən Yay Məktəbində də mühazirəçilərin çoxu məhz SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir.
Respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu deyən X.Yusifzadə ölkə daxilində, eləcə də xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədilə SOCAR-da 2010-cu ildən etibarən ali məktəb tələbələri üçün “Yay Məktəbi” layihəsinə start verildiyini söyləyib.
Məlumat verilib ki, 2012-cü ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı SOCAR-ın əməkdaşları da cəlb olunublar.
Bir həftə davam edəcək “SOCAR Yay Məktəbi-2016” layihəsi çərçivəsində iştirakçılar şirkətin müxtəlif istehsalat obyektlərində olacaq, onlar arasında yarışlar və intellektual oyunlar keçiriləcək.
Sonda iştirakçıların sualları cavablandırılıb.
1news.az