Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəki şəhərində vətəndaşların qəbulundan sonra bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.
1news.az nazirliyin saytına istinadən xəbər verir ki, Şəki şəhər Mərkəzi Kitabxanasında nazirə kitabxananın fəaliyyəti, yeni nəşrlərlə təminatı haqqında məlumat verilib.
Nazir kitabxananın fəaliyyətinin daha da təkmilləşdirilməsi, o cümlədən səyyar kitabxana xidmətinin genişləndirilməsi barədə tapşırıqlar verib.
Ə.Qarayev "Aşağı Karvansaray" kompleksində aparılan təmir-bərpa işləri ilə tanış olub.
Nazir daha sonra xalq şairi Bəxtiyar Vahabzadənin vaxtilə yaşadığı evə gəlib. Şair sağlığında bu evi uşaq bağçasına verib. Hazırda burada Şəki şəhər 3 saylı uşaq bağçası yerləşir.
Bildirilib ki, Prezident İlham Əliyev Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq uşaq bağçası üçün yeni bina inşa olunacaq. Bundan sonra həmin evdə Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılacaq. Diqqətə çatdırıldı ki, ev-muzeyinin layihəsi artıq hazırdır. Layihə ilə tanış olan Əbülfəs Qarayev muzeyin yaradılması ilə bağlı tövsiyələrini diqqətə çatdırılıb.
Əbülfəs Qarayev mədəniyyət müəssisələrinin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq tapşırıqlar verib.
1news.az