SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, avqustun 18-də Quba və Ağcabədi rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qaz verilmişdir.
SOCAR-dan 1news.az-a verilən məlumata əsasən, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Quba rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 269 abonenti olan Püstəqasım kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 36279 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Həmin gün Ağcabədi rayonunun Qaradolaq və Mehrablı kəndlərinə də ilk dəfə təbii qaz verilmişdir. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanmışdır ki, ümumilikdə 869 abonenti olan həmin kəndlərin qazlaşdırılması zamanı 56673 metr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilmiş, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
1news.az