Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard və ABB Azərbaycan şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rektoru Elmar Qasımovla görüşüb.
BANM-dan 1news.az-a verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov qonaqlara BANM-in fəaliyyəti, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib.
O, BANM-da ölkənin ən top tələbələrinin təhsil aldığını qeyd edərək, 2016/2017-ci tədris ili üçün keçirilən 1-ci ixtisas qrupları üzrə qəbul imtahanında üç 700 bal toplayan abituriyentin Ali Məktəbi seçdiklərini deyib. E.Qasımov BANM-in yeni kampusunda aparılan tamamlama işləri haqqında məlumat verib. Rektor qarşı tərəflə kampusda yaradılan və ABB şirkətinin avadanlıqları və simulyasiya vasitələri ilə tam təchiz olunan Təlim Mərkəzində aparılan tamamlama işlərinin gedişatını müzakirə edib və kampusun açılışına qədər Təlim Mərkəzin istifadəyə veriləcəyini qeyd edib.
Böyük Britaniyanın ABB Ltd şirkətinin neft, qaz və kimyəvi maddələr üzrə marketinq meneceri Vil Leonard təmsil etdiyi şirkət adından BANM-lə əməkdaşlıq etməkdən məmnunluğunu bildirərək bundan sonra da əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyindən əminliyi ifadə edib. O, gələcəkdə BANM-in kampusunda yaradılan Təlim Mərkəzində tələbələr və müəllimlər üçün ABB şirkətinin texnologiyalarının tətbiqi əsasında təlimlərin keçirilməsi və tədqiqatların aparılması imkanının olacağını bildirib.
Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın digər istiqamətləri və perspektivləri müzakirə olunub.
1news.az