Bu gün SSRİ-nin və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin doğum günüdür.
1news.az xəbər verir ki, 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb.
Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" sərlövhəli məqalə dərc edib.
Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünya şöhrətli "La Skala" teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görülüb.
Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarının xüsusi yeri var.
Onun xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də "Oxuyur Müslüm Maqomayev", "Nizami", "Moskva notlarda" filmlərində çəkilib.
Dahi ifaçı 2008-ci il oktyabr 25-ində 66 yaşında vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.
1news.az