Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkimlərinin daha bir uğurlu əməliyyatı sayəsində şərti adı İ.B. olan 47 yaşlı qadın xəstə bu gün sağlam həyatına davam edir.
Mərkəzdən 1news.az-a verilən məlumata əsasən, dörd il bundan əvvəl üz cizgilərində kobudlaşma (dildə böyüməyə görə nitqin pozulması), əl və ayaqda böyümə müşahidə edilən xəstəyə akromeqaliya (böyümə hormonunun aşırı ifraz olunması) diaqnozu qoyulub.
Xəstəyə çəkilən beyin MRT-də hipofiz vəzinin adenoması görülüb.
RMDM-in uzman həkim-neyrocərrahı Azər Əkbərov xəstənin klinikamıza müraciət edərkən vəziyyətindən söhbət açıb:
“Xəstənin 2 il endokrinoloq tərəfindən sondastatin və dostineks preparatları ilə müalicəsi aparılıb. Qeyd edək ki əməliyyat ola bilən xəstələrdə cərrahi müalicə hər zaman ön plandadır və əsas müalicə kimi dərman müalicəsinə başlaması məqsədəuyğun deyildir. Çünki dərmanlar adenomanı yox edə bilməz, sadəcə keçici olaraq, qanda böyümə hormonunun miqdarını azalda bilər. 2 il dərman müalicəsi alan xəstədə heç bir yaxşılaşma olmayıb və xəstəlik sürətlə inkişaf edib. Böyümənin nəticəsində artq xəstə əl barmaqlarını yumruq şəklində sıxa bilmirdi. Həmçinin adenoma böyüyüb makroadenoma olmuşdur. Xüsusi vurğulamaq istəyirəm ki, bu zaman daxili orqanlar da böyüdüyü üçün ciddi xəstəliklər meydana çıxa bilər.”
Mərkəzə müraciət edən xəstə endoskopik transsfenoidal yol ilə (kəsiksiz, burun içindən) uğurlu əməliyyat olunub və 3 saatdan sonra yuxu damarına təmas edən adenoma tam xaric edilib.
2 gün sonra isə böyümə hormonu (İGF-1 1064 ng/ml-dən 250 ng/ml-dək (bu yaş üçün norma) düşüb.
Cəmi 5 gün sonra xəstə tam sağlam vəziyyətdə klinikamızı tərk edib.
1news.az