Seul Universitetinin alimləri tərəfindən hazırlanmış yumşaq dartıla bilən “TouchPad” prototipini bədəndə daşımaq mümkündür.
1news.az ICTnews-a istinadən xəbər verir ki, daxiletmə qurğusunun prototipi litium xlorid əlavəsinə malik poliakrilamid gelindən ibarətdir.
Bu da nəmliyi saxlamağa köməkçi olur və işçi səthin elektrik keçiriciliyini təmin edir. “TouchPad”in künc hissələrinə zəif dəyişən cərəyan verilir və insan barmağının toxunuşu zamanı dövrə qapanır. Bu halda sensorlar “TouchPad”in künc hissələrindəki cərəyan dəyişikliyini qeydə alır. Sistem bu göstəricilərə görə barmaqdan künclərin hər birinədək olan məsafəni hesablayır. Belə yanaşma “TouchPad”in uzunluğundan asılı olmayaraq, toxunuş koordinatlarını dəqiq müəyyənləşdirməyə imkan verir.
“TouchPad” gelin elastikliyi sayəsində əvvəlki vəziyyətindən 1000 faiz sahəyədək dartıla bilir və bu halda işləmək qabiliyyətini saxlayır. Alimlərin sözlərinə görə, müəyyən müddətdən sonra qurğunun işləmək qabiliyyəti cüzi pisləşib.
Yumşaq elastik “TouchPad” elastik elektronika sahəsində tətbiq edilə bilər.
1news.az