Təmir-tikinti işləri Telnov küçəsində, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin bir hissəsində, həmçinin “Neapol dairəsi”nin ətrafında aparılıb.
1news.az-a “Azəravtoyol” ASC-dən verilən məlumata görə, Telnov küçəsinin uzunluğu 1340 metr, eni 13 metr, Məzahir Rüstəmov və general Əliağa Şıxlinski küçələrinin təmir işlərinin aparıldığı hissələrinin uzunluqları müvafiq olaraq 500 və 400 metrdir. Hər iki küçənin eni isə 14 metr təşkil edir.
Sözügedən küçələrin hər birində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Bunun əvəzinə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə, Telnov küçəsinin 23 700 m2 sahəsi, Məzahir Rüstəmov küçəsinin 12 400 m2 sahəsi, general Əliağa Şıxlinski küçəsinin isə 6 000 m2 sahəsi asfaltlanıb.
Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanıb, küçələr boyu yeni səki daşları düzülüb. Ümumilikdə Telnov küçəsinə 2400 p/m, Məzahir Rüstəmov küçəsinə 950 p/m, general Əliağa Şıxlinski küçəsinə isə 750 p/m yeni səki daşı düzülüb.
“Neapol dairəsi”nin ətrafında da təmir işləri aparılıb, asfalt-beton örtüyü yenilənib və dairənin kənarlarında olan köhnə səki daşları yeniləri ilə əvəzlənib.
Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni 30 ədəd baxış qapaqları qoyulub.
İşlər yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb.
1news.az