STEM Bakı mərkəzi 15 avqust - 9 sentyabr tarixlərində keçiriləcək “Gənc Mühəndislər” yay məktəbinin ikinci proqramı üçün qeydiyyatı açıq elan edir.
Daha öncə iyun və iyul aylarında baş tutmuş məktəbin birinci proqramında 412 şagird iştirak edib ki, bu da proqrama marağın gözləniləndən daha çox olduğunu sübut edib.
Yay məktəbi “Engineering For Kids”(EFK) Amerika təhsil proqramına uyğun təşkil olunur. Cari proqram elm, texnologiya və mühəndislik bacarıqlarının birgə şəkildə əyləncəli və praktiki dərslər vasitəsilə tədrisi ideyasına əsaslanır. Sözügedən metod ayrı-ayrı fənlər üzrə deyil, müxtəlif mövzular (layihələr) vasitəsilə tədrisi nəzərdə tutur. Məhz bu sistem dünyada ən effektiv sayılan Finlandiya təhsilində geniş tətbiq olunur. EFK proqramları praktik məşğələlər vasitəsilə uşaqlara elmi-texniki biliklərin gündəlik həyatda tətbiqini nümayiş etdirir. Gənc mühəndislər raket, avtomobil, körpü, gəmi, təyyarə düzəldərək, robotları proqramlaşdıraraq, elektron oyunları kodlaşdıraraq, öz fabriklərini və loqistik şəbəkələrini yaradaraq mühəndis dizayn prosesləri və layihələrin idarə edilməsi ilə yaxından tanış olurlar. Bununla şagirdlər problemlərin həlli və analitik düşüncə vərdişlərinə yiyələnirlər. EFK proqramları həmçinin fəal kommunikasiya və komanda işi ilə fərqlənir.
Proqrama əsasən günün birinci yarısında məktəblilər mühəndis-texnoloji layihələri icra edir, günün ikinci yarısında isə müxtəlif şirkətlərə ziyarət zamanı və ya ustad dərslərində iştirak edərək real iş prosesləri ilə tanış olurlar.
Bu dəfə proqram çərçivəsində ekskursiyalar zamanı dəniz gəmiçiliyi, ticarət və akva-texnologiyalar, telekommunikasiya, gündəlik istehlak məhsulları, informasiya texnologiyaları, radio və s. sahələr üzrə ixtisaslaşmış dövlət və özəl qurumlara gedilməsi nəzərdə tutulur. Dövrümüzədək çatmış yaradıcılıq sənətkarlarının texnikaları, ekologiya və ətraf mühitin mühafizəsi, İT sahəsində uşaqlar üçün startap layihələri, aktyorluq məharətlərinin gündəlik həyatda tətbiqi və s. mövzularda praktik məşğələlər və mühazirələr təşkil olunacaq.
Müxtəsər şəkildə STEM yay məktəbi proqramlarının üstünlükləri aşağıdakılardır:
1. Fənlər üzrə deyil, inteqrasiya edilmiş şəkildə layihə-mövzular əsasında tədris
2. Nəzəriyyənin tətbiqinin əyani nümayişi üçün real obyektlərə ekskursiyalar
3. Tənqidi düşüncə və problemlərin həlli vərdişlərinin inkişaf etdirilməsi
4. Sertifikatlaşdırılmış beynəlxalq kurrikulum
5. Fəal kommunikasiya və komanda işi
6. Əyləncə vasitəsilə təlim
7. Kreativ layihələr: dizayn, qurulma, sınaqdan keçirilmə və inkişaf
8. Uşaqların texnoloji yeniliklərə hazırlanması
9. “Gənc ixtiraçılar” şəbəkəsinin yaradılması
10. Elm və texnologiyaya marağın artırılması
Daha ətraflı məlumat üçün: http://stem.az/summer-engineering-camp-2/
Qeydiyyat üçün əlaqə nömrəsi: 050 444 25 25
Ünvan: “Globus Centre” (11-ci mərtəbə), Bəsti Bağırova və Cəfər Cabbarlı küçələrinin kəsişməsi (“Caspian Plaza” ilə üzbəüz)