Xəbərlər

İlham Əliyev Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib - FOTO
10 avqust, 2016 17:27

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 10-da Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Qəbələ regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

Dövlətimizin başçısına məlumat verildi ki, Qəbələ regional “ASAN xidmət” mərkəzinin dördmərtəbəli binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Mərkəz rayonun Elçin Kərimov küçəsi 79 ünvanında, şəhərin infrastruktur obyektlərinə yaxın ərazidə yerləşir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü qoyulub.

Artıq “ASAN xidmət” təcrübəsinin özünəməxsus hüquqi strukturu bir çox beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir və bu təcrübə Azərbaycan modeli kimi təqdim edilir. Odur ki, “ASAN xidmət”in təkcə Azərbaycanda deyil, digər ölkələrdə də tətbiqi genişlənir. Bu, müxtəlif beynəlxalq tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə aparılan əməkdaşlığın əsas istiqamətlərindən birini təşkil edir. Bundan əlavə, Əfqanıstan ilə dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin  yaradılmasına dair imzalanan Anlaşma Memorandumuna əsasən, “ASAN xidmət”in fəaliyyətinin bu ölkədə geniş tətbiqinə dair razılıq əldə olunub. Artıq Əfqanıstanda eyni adlı qurum təsis edilib.

Prezident İlham Əliyev yeni xidmətin işə başlamasını bildirən düyməni basdı.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olarkən bildirildi ki, “ASAN xidmət” mərkəzinin fəaliyyətindən Qəbələ də daxil olmaqla, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonları ərazisində qeydiyyatda olan vətəndaşlar, ümumilikdə 902 min 435 sakin yararlanacaq.

Fəaliyyətə başladığı tarixdən bu günədək “ASAN xidmət” mərkəzlərinə 11 milyonadək müraciət daxil olub. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə 20 min vətəndaş müraciət edir. 2013-cü ildən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionların əhalisinə xidmətlərin çatdırılması məqsədilə xüsusi avtobuslarla səyyar xidmətlər göstərilir. Bu günədək 700 minə yaxın vətəndaş bu xidmətdən yararlanıb. Xüsusi qayğıya ehtiyacı olan əlil vətəndaşlara xidmətlər ödənişsiz həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının sayı artırılaraq 10-a çatdırılıb.

“ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının tam aradan qaldırılması, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiq olunmasıdır. Əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” mərkəzləri öz fəaliyyətini yüksək standartlar çərçivəsində quran və inkişaf etdirən dövlət orqanı qismində “vahid məkan” prinsipinə əsaslanır.

Mərkəzdə Prezident İlham Əliyev yeni layihələrlə də tanış oldu.

Əvvəlcə dövlətimizin başçısına “ASAN wifi” layihəsi barədə məlumat verildi. Bildirildi ki, müxtəlif yerlərdə quraşdırılan simsiz internet modemləri vasitəsilə insanların internetə əlçatanlığı təmin ediləcək. Bu layihə vasitəsilə dövlət əhəmiyyətli məlumatlar vətəndaşlara daha asan çatdırılacaq. Bundan əlavə, ASAN TV-nin tətbiqi də nəzərdə tutulub. Bu, Azərbaycana idxal ediləcək bütün smart televizorlarda istifadəyə hazır xüsusi bir tətbiq olacaq. Tətbiq vasitəsilə insanlar televizorda ASAN Radionu dinləyəcək, “ASAN xidmət”in fəaliyyəti, mərkəzlərə getmək üçün ictimai nəqliyyat vasitələri, həmçinin mərkəzlərdə növbəlilik statistikası və digər zəruri məlumatları əldə edəcəklər.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Azərbaycan və ingilis dillərində dərc edilən “ASAN” jurnalı üçün nadir qeydiyyat nömrəsi olan beynəlxalq standart seriya nömrəsi əldə olunub və beynəlxalq reyestrə daxil edilib.

Yeniliklərdən biri də “ASAN VİSA” portalıdır. Bu portal vasitəsilə vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsi həyata keçiriləcək. Əcnəbilər sadəcə üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar.

Artıq “ASAN i-LAB” innovasiya laboratoriyası da hazırdır. “i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasıdır.

“BAŞLA” layihəsi çərçivəsində isə istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstəriləcək.

Yeni layihələr arasında “Cücələrim inkibatoru” da var. Layihənin məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsidir.

Daha bir maraqlı layihə isə “i-LAB store”dur. Bu, “i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi vahid portaldır. Portalda informasiya texnologiyaları məhsullarının onlayn satışı da həyata keçiriləcək.

Prezident İlham Əliyevə “Ready 1.0-hazır sənəd” cihazı haqqında da məlumat verildi. Vətəndaşlar bu cihazlar vasitəsilə sənədlərin hazır olması barədə SMS, elektron poçt vasitəsilə real vaxt rejimində məlumatlandırılacaq, hazır sənədin verilməsi proseduru daha da səmərəli təşkil olunacaq.

Yeni layihələrdən biri də xilasetmə qolbağıdır. Suda batma zamanı istifadə edilən bu qolbaqlar GPS ilə təmin olunub, avtomatik işə düşmə xüsusiyyətinə malikdir.

“Sağlam yaşam platforması-çanta və portal” layihəsi isə vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar tibbi müayinə çantasıdır.

Dövlətimizin başçısına Sosial Layihələr Portalı barədə məlumat verilərkən bildirildi ki, bu portal dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün sosial layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da daha çox insan bir ünvana daxil olmaqla bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.

Diqqətə çatdırıldı ki, respublikamızda sayca onuncu mərkəz olan Qəbələ “ASAN xidmət” mərkəzində işçilərin ümumi sayı 200 nəfərdir ki, onların da 45 nəfəri könüllüdür.

Sonra Prezident İlham Əliyev Qəbələ rayon ictimaiyyətinin nümayəndələri və mərkəzin kollektivi ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.