"Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərlə bağlı yeni layihəyə start verib.
1news.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan “İrəliyə doğru bir addım” adlı layihədə fiziki imkanları məhdud olan uşaq, yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların kompüter bacarıqlarının inkişafı, eləcə də psixoloji xidmətlərin göstərilməsi nəzərdə tutulub.
Birlikdən verilən məlumata görə, layihənin məqsədi fiziki imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir.
Layihə çərçivəsində əlil uşaq, yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili üçün Nabrana (26-29 avqust tarixlərində) 3 günlük tur təşkil ediləcək. Tur çərçivəsində intellektual yarışların, motivasiya xarakterli əyləncəli oyunların keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, layihə avqustun 1-dən noyabrın 1-ə qədər davam edəcək.
1news.az