Xəbərlər

“Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilib
09 avqust, 2016 21:09

Milli Məclis “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edib.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 22-1.3.3-cü maddədən “attestasiyası və ya onun” sözləri çıxarılsın.

1.2. 28-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 28. Dövlət qulluğuna qəbul

28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.

28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.

Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.

28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.

28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.

28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilir. Həmin müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.

28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən edilir.”.

1.3. Aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilsin:

“Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi

28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.

28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz.

28-1.3. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq, vəzifədə irəli çəkə bilər.”.

1.4. 29.2-ci maddənin birinci hissəsinin üçüncü cümləsində və 29.4-cü maddənin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

1.5. 29.7-ci maddədə “nümayəndəsi də daxil olmaqla, üzvlərinin sayı üç nəfərdən az olmayan” sözləri “yaratdığı qurumun 2 nümayəndəsi daxil edilməklə, 5 nəfərdən ibarət” sözləri ilə əvəz edilsin.

1.6. 29.9.2-ci və 31-ci maddələr ləğv edilsin.

1.7. 30-1.1-ci maddənin üçüncü cümləsi çıxarılsın.

1.8. 33.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə;”.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun müddəaları bu Qanun qüvvəyə minənədək dövlət qulluğunda çalışan şəxslərə şamil edilmir.

2.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1.8.4-cü maddəsi bu Qanun qüvvəyə mindikdən sonra dövlət qulluğuna qəbul edilən şəxslərə şamil edilmir”.

Bundan əlavə, Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış təkliflər əsasında:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq, müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 28.7-ci maddəsinin səkkizinci cümləsinə uyğun olaraq, daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 28.2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.6. həmin Qanunun 28.3-cü maddəsinin ikinci cümləsinə və 28-1-ci maddəsinə uyğun olaraq, test imtahanından keçmək barədə sertifikatın formasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 28.5-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, dövlət qulluğu üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısını və sənədlərin qəbulu qaydasını iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin birinci hissəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28-1.1-ci maddəsində, 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində və 29.7-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.2. həmin Qanunun 28.6-cı maddəsinin üçüncü hissəsində və 28.7-ci maddəsinin altıncı və səkkizinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.3. həmin Qanunun 28.2-ci maddəsinin ikinci hissəsində, 28.3-cü maddəsinin ikinci cümləsində və 28.5-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir

2.4. həmin Qanunun 28.2-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir;

2.5. həmin Qanunun 28.2-ci maddəsinin birinci hissəsində, 28.3-cü maddəsinin birinci cümləsində, 28.6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28-1.1-ci maddəsində, 29.2-ci maddəsinin birinci hissəsinin üçüncü cümləsində, 29.4-cü maddəsinin birinci hissəsində və 29.7-ci maddəsində nəzərdə tutulmuş qurum Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzidir.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “(bundan sonra – Mərkəz)” sözlərindən sonra “dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) həyata keçirən,” sözləri əlavə edilsin;

3.2. 2.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.1.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;”;

3.3. aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin:

“2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir;”;

3.4. 2.1.5-ci yarımbənddə “saytının” sözü “portalının” sözü ilə, “saytda” sözü “portalda” sözü ilə əvəz edilsin;

3.5. 2.1.12-ci yarımbənddə “tələbə qəbulu ilə” sözlərindən sonra “, dövlət qulluğuna qəbulla və inzibati vəzifələrin tutulması ilə” sözləri əlavə edilsin;

3.6. 2.1.14-cü yarımbənddə “qəbul kampaniyası” sözləri “qəbul prosesi və ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi” sözləri ilə əvəz edilsin, “yol verilmiş” sözlərindən sonra “pozuntu hallarının aradan qaldırılması ilə bağlı təqdimat verir və” sözləri əlavə edilsin;

3.7. 2.1.17-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.18–2.1.37-ci yarımbəndlər əlavə edilsin:

“2.1.18. dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının məzmununu və proqramlarını təsdiq edir, inzibati vəzifələrin tutulması üzrə müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir, təsdiq edilmiş test imtahanı və müsahibə proqramlarını internet portalında yerləşdirir;

2.1.19. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanından keçən şəxsə sertifikat verir;

2.1.20. dövlət qulluğu üzrə verdiyi sertifikatların uçotunu aparır;

2.1.21. müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun hazırlanmasını təmin edir;

2.1.22. dövlət orqanları tərəfindən müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarının (müvafiq vəzifə üzrə vəzifə təlimatının, müsahibə proqramlarının, müsahibə elanının, müsahibənin keçirilmə qrafikinin, keçirilmiş müsahibənin nəticələrinin) internet portalında yerləşdirilməsini təmin edir;

2.1.23. müsahibədə iştirak etmək istəyən şəxsin müraciətinin və müsahibədə iştirak üçün tələb olunan sənədlərin internet portalı vasitəsilə dövlət orqanlarına təqdim olunmasını təmin edir;

2.1.24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət orqanının yaratdığı müsahibə komissiyasının tərkibinə nümayəndələr təqdim edir;

2.1.25. dövlət orqanlarının nümayəndələri və müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil edir;

2.1.26. imtahanlarla, o cümlədən dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanları ilə, inzibati vəzifələrin tutulması üzrə müsahibələrlə bağlı xüsusi halların araşdırılması üçün komissiyalar yaradır;

2.1.27. buraxılış və qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və nəticələrini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edir

2.1.28. dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənir və bu barədə hesabat hazırlayır;

2.1.29. dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər verir;

2.1.30. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;

2.1.31. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;

2.1.32. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, tövsiyələr və məruzələr tərtib edir;

2.1.33. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda, həmin materialları yoxlanılmaq üçün müvafiq orqanlara göndərir;

2.1.34. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat verir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir;

2.1.35. dövlət qulluğu və dövlət qulluqçularının etik davranış məsələləri barədə maarifləndirmə işi aparır;

2.1.36. dövlət qulluqçularının reyestrini aparır və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin edir;

2.1.37. müvafiq sahədə kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin əlavə təhsili üçün tədbirlər görür.”;

3.8. 3.1.5-ci yarımbənd ləğv edilsin;

3.9. aşağıdakı məzmunda 3.1.2-1–3.1.2-8-ci yarımbəndlər əlavə edilsin:

“3.1.2-1. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, elmi tədqiqatlar aparmaq;

3.1.2-2. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət informasiya sistemlərindən və ehtiyatlarından, o cümlədən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən informasiya almaq;

3.1.2-3. dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.1.2-4. dövlət qulluğunda təlim tələbatını müəyyən etmək, dövlət qulluqçuları üçün təlim strategiyasını hazırlamaq və dövlət orqanlarına dövlət qulluqçularının əlavə təhsili barədə təkliflər vermək;

3.1.2-5. ilk dəfə dövlət qulluğuna qəbul olan şəxslər üçün dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, etik davranış, maraqlar toqquşması, korrupsiyaya qarşı mübarizə və s. məsələlər üzrə, rəhbər vəzifə tutan dövlət qulluqçuları üçün isə idarəetmə və komanda qurmaq və s. məsələlər üzrə təlim kursları təşkil etmək;

3.1.2-6. dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmək, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət qulluğu məsələləri üzrə beynəlxalq əməkdaşlığı həyata keçirmək;

3.1.2-7. dövlət qulluğu və tələbə qəbulu məsələləri üzrə beynəlxalq və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq etmək;

3.1.2-8. daxil olmuş şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar vermək;”;

3.10. 3.1.3-cü yarımbənddə “siyahılarını” sözündən sonra “, dövlət orqanları tərəfindən barəsində müsahibə elan edilməsi nəzərdə tutulan vakant dövlət qulluğu vəzifələrinə dair müsahibə məlumatlarını və vakant vəzifəyə təyinata dair məlumatı” sözləri əlavə edilsin;

3.11. 3.1.7-ci yarımbənd ləğv edilsin;

3.12. 3.1.10-cu yarımbənddə “hazırlıq kursları” sözlərindən sonra “, təlimlər” sözü əlavə edilsin, “abituriyentlərin test üsulu ilə imtahanlara hazırlaşmasına kömək məqsədi ilə” sözləri çıxarılsın;

3.13. 3.1.11-ci yarımbənddə “təqdim etmək” sözlərindən sonra “, internet portalında yerləşdirmək” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, test imtahanında iştirak etmək üçün ödənişin məbləğini iki ay müddətində müəyyən etsin.

5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə minənədək elan edilmiş müsabiqələrdə iştirak edərək dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilmiş şəxslər həmin siyahıda olduqları müddətdə dövlət orqanlarında analoji vakant vəzifəyə təyin oluna bilərlər. Həmin şəxslərə dövlət qulluğu vəzifəsinə təyin olunduğu gündən sertifikat verilir.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

1news.az

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.