Prezident İlham Əliyev “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:
“Vergi orqanlarının yaranmasından ötən dövr ərzində aparılmış genişmiqyaslı islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar nəticəsində ölkəmizdə müasir beynəlxalq standartlara cavab verən vergi xidmətinin formalaşdırılmasına nail olunmuşdur. Azərbaycan Respublikasında çevik və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılmış və qabaqcıl ölkələrin vergi qanunvericiliyi ilə uzlaşdırılmışdır. Azərbaycanın vergi sistemi dünyanın qabaqcıl ölkələrində tətbiq olunan əksər vergi xidmətlərini vergi ödəyicilərinə təqdim edir. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 62 növ elektron xidmət göstərir.
Vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsi zəruridir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi üç ay müddətində:
2.1. “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. vergi orqanları tərəfindən keçirilən vergi yoxlamalarının, xüsusilə kameral vergi yoxlamalarının qanunla müəyyən edilmiş tələblərə əməl olunmaqla qısa müddətdə başa çatdırılması üzrə inzibatçılığı təkmilləşdirsin;
2.3. vergi yoxlamalarının təyin edilməsi, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi prosesi üzrə vergi inzibatçılığını təkmilləşdirsin, habelə aparılan yoxlamalarda vergi ödəyicilərinin iştirakını təmin etsin;
2.4. nümunəvi vergi ödəyicisi üçün meyarları müəyyən etsin, həmin vergi ödəyicilərinə münasibətdə vergi inzibatçılığını sadələşdirsin və ünvanlı xidmətlərin əhatə dairəsini genişləndirsin;
2.5. vergi qanunvericiliyinə əməl edən nümunəvi vergi ödəyiciləri və vergi qanunvericiliyində mütəmadi olaraq nöqsanlara yol verən intizamsız vergi ödəyiciləri ilə bağlı məlumatları Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirərək ictimaiyyətə açıqlasın;
2.6. vergi ödəyiciləri ilə vergi orqanları arasında birbaşa təmasın minimuma endirilməsi məqsədilə elektron auditin tətbiq dairəsini genişləndirsin və bu sahədə keçirilən vergi yoxlamalarının keyfiyyətini artırsın;
2.7. müasir standartlara uyğun olaraq vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti) funksiyalarının tətbiqini təmin etsin;
2.8. real vergi potensialının düzgün müəyyən olunması, vergi nəzarətinin keyfiyyətinin artırılması və nəzarət tədbirlərində şəffaflığın təmin edilməsi məqsədilə informasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunmaqla risklərin avtomatik emal edilməsinə, təsnifləşdirilməsinə, təhlilinə və vergi ödəyicilərinin risk meyarları üzrə qruplaşdırılmasına imkan verən risk qiymətləndirmə sistemini yaratsın;
2.9. borclu vergi ödəyiciləri üzrə risk qruplarının müəyyən edilməsi və onların aid olduğu risk qrupundan asılı olaraq, borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması sahəsində vergi ödəyicilərinin maarifləndirilməsini və inzibatçılığın təkmilləşdirilməsini təmin etsin;
2.10. vergi orqanları ilə vergi ödəyicilərinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili məqsədilə vergi bəyannamələrinin formalarını təkmilləşdirsin;
2.11. vergi ödəyicilərinin vaxtına və resurslarına qənaət edilməsi məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzi vasitəsilə fiziki şəxslərin qeydiyyatı, şəhadətnamə dublikatının alınması, ASAN imzanın dəyişdirilməsi, fəaliyyətin dayandırılması və ya bərpası kimi xidmətlər göstərilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
4.1. üç ay müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Vergilər Nazirliyinin fəaliyyətində səmərəliliyin artırılması və dövlət büdcəsindən yayındırılmış vergi borclarının alınması ilə bağlı icra olunmayan məhkəmə qərarlarının icrası məqsədilə qanunvericiliyin bu sahədə tələbini pozan şəxslər barəsində tədbirlərin daha operativ şəkildə həyata keçirilməsini, bununla bağlı icraat prosesinin sadələşdirilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini və icra olunmamış məhkəmə qərarlarının sayının azaldılması üçün daha çevik mexanizmlərin müəyyən edilməsini təmin etsin;
4.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
1news.az