Bu gün Neftçilər prospektinin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
1news.az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.
Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yolgöstərici xətlərinin rənglənməsi işləri aparılacaq.
Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azəravtoyol” baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq əvvəlcədən alternativ yollar seçmələrini tövsiyə edir.
1news.az