Baki Ali Neft Məktəbində (BANM) “Bakı Yay Neft Məktəbi” layihəsi həyata keçiriləcək.
1news.az-a BANM-dən verilən xəbərə görə, layihənin proqramına əsasən sentyabrın 14-dən 25-dək Almaniya universitetlərinin tələbələri yay məktəbində iştirak etmək üçün bu ali məktəbə səfər edəcəklər.
“Bakı Yay Neft Məktəbi” layihəsi çərçivəsində tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, Azərbaycanın əsrarəngiz təbiəti, tarixi yerləri, muzeyləri ilə yaxından tanış olacaqlar. Tələbələr tarixi neft buruqları, neft quyuları, neft muzeyi, sənaye şirkətləri və Azərbaycanın neft tarixini, onun inkişafını əks etdirən yerlərə səfər edəcəklər.
Layihədə Almaniya universitetlərinin tələbələri ilə yanaşı, seçilmiş azərbaycanlı tələbələr də iştirak edəcəklər.
Qeyd edək ki, “Bakı Yay Neft Məktəbi” layihəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) seçki komissiyası tərəfindən təsdiqlənib və DAAD “Şərqə Doğru” proqramı çərçivəsində maliyyələşdirilmək üçün seçilib. Layihənin rəhbəri BANM-in keyfiyyətin təminatı şöbəsinin əməkdaşı Aytən Şadlinskayadır.
1news.az