Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Nəqliyyatın Ümumi Konsepsiyasının hazırlanmasında xarici ekspertlər də iştirak edir.
Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, daha öncədən də elan edildiyi kimi 2017-ci ilin 25 may tarixindən etibarən bütün marşrut xətlərindəki avtobuslarda kondisioner olmalıdır. Bununla bağlı konsepsiyanın oktyabrda təqdim olunması gözlənilir:
“Biz indidən sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərlə görüşlər keçiririk, onlara avtobuslardakı çatışmazlıqları aradan qaldırmağı, sürücülərin yoxlanılmasını, yeni tətbiq ediləcək sistemlərə hazırlıq görmələrini tövsiyə edirik. Qərar qüvvəyə minəndə hansısa marşrutda kondisioner olmayacaqsa, ya da konsepsiyada göstəriləcək digər tələblərə riayət edilməyəcəksə, o zaman həmin avtobus xəttə buraxılmayacaq. Belə olan halda, daşıyıcı şirkətlərə müəyyən inzibati cəzaların da tətbiqi nəzərdə tutula bilər”.
Agentlik sözçüsü bildirib ki, hazırda bəzi avtobuslarda kondisioner olduğu halda sürücülər tərəfindən qoşulmaması ilə bağlı daxil olan şikayətlər araşdırılır:
“Hazırda qəbul olunmuş konsepsiya olmadığı üçün “niyə kondisioneri qoşmursunuz” deyə bilmirik. Biz sadəcə onlara xəbərdarlıq edirik ki, buna yol verməsinlər. Amma konsepsiya qəbul olunduqdan sonra daşıyıcı şirkətlərin qarşısına tələb qoyulacaq ki, kondisionerlər mütləq qoşulsun”.
N.Allahyarova yeni hazırlanan konsepsiyada daşıyıcı şirkətlərə qoyulan əsas tələbin sürücülərin aylıq maaşla çalışdırılması ilə bağlı olduğunu da vurğulayıb:
“Bizim əsas məqsədimiz 2017-ci ildə bütün xətlərdə avtobusları “Bakı kart” sisteminə keçirməkdir. O zaman bütün sürücülər də maaşla çalışacaq”.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən 2010 avtobusdan cəmi 251-də kondisioner mövcuddur. Onlardan da 201-i “Baku Bus”a məxsusdur. Digər 50 avtobus isə müxtəlif nömrəli xətlərdə hərəkətdədir.
Fərid Ədalət