Azərbaycanlı tenor Yusif Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, “RIFKO” nəşriyyatı tərəfindən buraxılan kitabın müəllifləri dünya şöhrətli 44 tenordan müsahibə alaraq, onların səhnə arxası həyatlarını maraqlı fotosessiyada göstərməyə çalışıblar.
Kitabda Roberto Alanya, Hayme Araqel, Plasido Dominqo, Xose Karreras və opera səhnəsinin digər görkəmli nümayəndələri haqqında yazılar yer alıb.
Qeyd edək ki, gənc tenor Yusif Eyvazov dünya şöhrətli Franko Korelli, Maqdı Olivero və Plasido Dominqo kimi opera ifaçılarından ustad dərsləri alıb. 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsinin qalibi olub.
Karyerasına İtaliyanın az tanınan opera teatrlarında başlayan Y.Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı olmaqla yanaşı, Qran-pri mükafatının və Canandrea Havatseni adına fəxri medalın sahibidir.
Sənətkarın repertuarı dramatik tenora xas xarakterik obrazlarla zəngindir.
1news.az