Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məşğulluğu təmin olunanların 35,5 faizini gənclər təşkil edib.
1news.az nazirliyin saytına istinadən xəbər verir ki, cari ilin 6 ayında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin 15800 nəfərə yaxını və ya 35,5 faizi gənclərdən ibarət olub.
Qeyd olunan dövrdə Xidmət tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 156 nəfərini (28,4 faiz), Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin isə 632 nəfərini (55,7 faiz) gənclər təşkil edib.
İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan vətəndaşların 1253 nəfəri (65 faiz) gənclər olub.
Bundan başqa, sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. Qeyd edilən dövrndə bu təbəqədən olan 200 nəfərə yaxın gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar.
Nazirlikdən bildirilib ki, əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş (vakant) iş yeri təklif olunub.
1news.az