Azərbaycanın əməkdar artisti Dinara Əliyeva İtaliyada Cüzeppe Verdi Festivalında iştirak edəcək.
1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, Dinara Əliyeva oktyabrın 21, 23, 27 və 30-da Cüzeppe Verdinin “Trubadur” operasında Leonora obrazını canlandıracaq.
Oktyabrın 1-dən 30-dək keçiriləcək Cüzeppe Verdi Festivalının əksər tədbirləri Parma Regio Teatrında olacaq. Həmçinin Bussetoda Cüzeppa Verdi və Parmada Farneze teatrlarında festival tamaşaları nümayiş etdiriləcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, Rusiya, İtaliya, Fransa, Yunanıstan, Çexiya, Monte-Karlo, ABŞ, Yaponiyanın opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.
Dinara Əliyeva konsertlərdə müxtəlif janrlarda, rus və Azərbaycan xalq mahnılarından, opera və operettalardakı ariyalardan tutmuş romans və cazadək müxtəlif əsərləri ifa edir.
1news.az