“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən “Azəravtoyol” AS tərəfindən Hökməli-Qobu-Güzdək avtomobil yolunun təmiri işləri davam etdirilir.
1news.az qurumun saytına istinadən xəbər verir ki, sözügedən avtomobil yolunun uzunluğu 11 km, ortalama eni isə 9,5 m-dir.
Yolun 2 km-i Hökməli, 3 km-i Qobu və 6 km-i Güzdək qəsəbələrinin ərazisinə düşür.
Hökməli istiqamətindən start verilən təmir-tikinti işləri zamanı yolun 1.5 km-lik hissəsi əsaslı şəkildə təmir olunur, 9.5 km-lik hissəsində isə orta təmir işləri aparılır.
Orta təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
Əsaslı şəkildə aparılan təmir işləri zamanı isə yol əsasının yararsız torpaq qatı qazılaraq çıxarılıb, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Qrunt sularının kənarlaşdırılması üçün ərazidə təqribən 1 km uzunluğunda drenaj sistem yaradılıb.
Hazırda əsaslı şəkildə təmir işlərinin aparıldığı 1.5 km-lik ərazidə yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilır.
Bütün işlər yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
1news.az