Son zamanlar ardıcıl terror hücumlarına məruz qalan Fransa növbəti şoku yaşayıb.
1news.az Reuters-a istinadən xəbər verir ki, ölkənin şimali-qərbində yerləşən Rouvray şəhərində Sent-Etyen kilsəsində keçirilən ayin zamanı silahlı şəxslər basqın edib.
İki silahlı şəxs kilsədəki vətəndaşları və keşişləri əsir götürüblər. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşınları çağırılıb.
Məlumata görə, basqın zamanı keşişin boğazı kəsilib. Polisin keçirdiyi əməliyyat nəticəsində silahlı şəxlər öldürülüblər.
Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Qeyd edək ki, Fransada sonuncu terror hadisəsi 14 iyulda Nitsa şəhərində baş vermişdi. Terrorçu yük maşınını Bastilya Günü bayramını qeyd edən minlərlə adamın üstünə sürmüşdü. Hadisə zamanı 84 nəfər ölmüş, 50 nəfər isə yaralanmışdı.
1news.az