Bakı-Böyük Kəsik istiqamətində 600 kilometrlik dəmir yolunun əsaslı təmiri çərçivəsində iyulun 25-dən Qobustan–Ələt mənzilində 7,2 kilometrlik dəmir yolunun əsaslı təmirinə başlanılıb.
1news.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən verilən xəbərə görə, təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
MMC-nin direktoru Rizvan Rzayevin verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və indiyədək 125 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub.
1news.az