“Gənclər evi”nin şəbəkəsi genişləndirilir. Bu il fevralın 16-da Tovuz rayonunda, aprelin 25-də Binəqədi rayonunda, mayın 4-də isə Gəncə şəhərində “Gənclər evi” istifadəyə veril ki, bununla da “Gənclər Evi/Mərkəzi”nin sayı 38-ə çatıb.
1news.az-ın məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Braziliyada keçiriləcək XXXI Yay Olimpiya oyunları öncəsi media nümayəndələri ilə görüşü zamanı deyib.
Gənclər sahəsində görülən işlərdən danışan A.Rəhimovun sözlərinə görə, Nazirlik artıq “Gənclər Evi” üçün mütəxəssislərin hazırlığına başlayıb. Bu məqsədlə 5-15 aprel tarixlərində Bakı şəhərində “Psixososial xidmətin yaradılması”, may-iyun ayları ərzində “İstehsalat təcrübəsi, şagirdlik və könüllülük” mövzularında təlim və seminarlar keçirilib. Burada 155 nəfər iştirak edib.
Qeyd olunub ki, gənclər arasında kiçik və orta sahibkarlığa həvəs artırmaq, ən uğurlu layihələri seçib, onlara dəstək göstərmək məqsədilə “İdeya Qazandı” işgüzar realiti şou televiziya layihəsi keçirilib. Burada 3000 layihədən 21 gəncin layihəsi dəstəklənib. Layihə çərçivəsində 30-a yaxın veriliş çəkilib və cari ilin sentyabr ayından 2017-ci ilin may ayına kimi “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti tərəfindən yayımlanacaq:
“Gənclərin intellektual inkişafı üçün “Znatokiada-2016” intellektual oyunlar üzrə beynəlxalq turnir keçirilib. Turnirdə 12 ölkədən 51 komanda tərkibində 400-dək iştirakçı yarışıb.
Eyni zamanda müxtəlif: vətənpərvərlik, yaradıcılıq, sosial və digər sahələrdə: “Qarabağ gənclərin təqdimatında”, “Yaşıl iqtisadiyyatın inkişafında gənclərin rolu və perspektivləri”, “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” və s. mövzularda forumlar, tədbirlər keçirilib”.
Hesabat dövründə “Virtual Qarabağ” elektron kitabxanası və “Qarabağın geyimləri” elektron albomunun hazırlanmasına başlanıb.
Ümumilikdə 2016-cı ilin I yarımilliyi ərzində 56 tədbir keçirilib, onlardan 48-i yerli, 8-i isə beynəlxalq səviyyəli olub. 66 nəfər xarici ölkələrə ezam olunub, 77 nəfər isə ölkəmizdə qəbul edilib.
Gənclər sahəsinə ayrılan maliyyə xərcləri barədə də məlumat verən A.Rəhimovun sözlərinə görə, 2016-cı il üçün dövlət tərəfindən gənclər sahəsinə 9 milyon 185 min 507 manat vasit ayrılıb. İyul ayının 1-ədək ayrılmış vəsait 4 milyon 590 min 990 manatdır. Bu vəsaitdən 6 ay arzəində 3 milyon 529 min 413 manat xərclənib.
Nazir idman sahəsində görülən işləri də diqqətə çatdırıb. Qeyd edib ki, Nazirliyin 2016-cı il üçün təsdiq etdiyi tədbirlər planına əsasən I yarım il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 94 respublika yarışları təşkil edilib, 24 beynəlxalq yarış keçirilib, 102 beynəlxalq yarışlarda ölkə yığma komandamızın iştirakı təmin olunub.
İdman növləri üzrə yığma komanda 12 gündən az olmayaraq 100-dən çox təlim-məşq toplanışlarında iştirak edib.
Cari ilin I yarım ili ilə bağlı olimpiya və qeyri-olimpiya idman növləri üzrə Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 85-i qızıl, 103-ü gümüş və 125-i bürünc olmaqla 313 medal əldə edilib. Bu medalların da 171-i olimpiya idman növlərinin payına düşür.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Milli Paralimpiya Komitəsinin 20 illiyi ilə Azərbaycanda paralimpiya idmanın inkişafında xidmətlərinə görə 1 nəfər “Dostluq” ordeni ilə, 1 nəfər Azərbaycan Respublikası Prezidentinin Fərdi Təqaüdü ilə, 1 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 12 nəfər “Tərəqqi” medalı ilə və 20 nəfər isə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilib.
2016-сı ilin ötən dövrü ərzində müxtəlif idman növləri üzrə 59 məşqçi-müəllimə ixtisas kateqoriyası verilib.
Gələn ay Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına da toxunan A.Rəhimov bildirib ki, XXXI Yay Olimpiya Oyunlarına 56 idmançımız 57 lisenziya ilə yollanır.
Bu günə kimi Olimpiya Oyunlarına hazırlıqla bağlı xərclənən vəsaiti də açıqlayan nazirin sözlərinə görə, 1996-cı il Atlanta Olimpiadası üçün 425 min manat, 2000-ci il Sidney Olimpiadası üçün 545 min manat, 2004-cü il Afina Olimpiadası üçün 700 min manat, 2008-ci il Pekin Olimpiadası üçün 3.150.000 manat, 2012-ci il London Olimpiadası üçün 5.917.375 manat, 2016-cı il Rio-de Janeyro Olimpiadası üçün isə 8.600.000 manat vəsait ayrılıb.
Rio Olimpiya Oyunları ilə əlaqədar digər təşkilati məsələlərin - akkreditasiya, nəqliyyat, tibbi ləvazimat, idman geyimləri və xüsusi geyimlər kimi məsələlərin də həll olunduğunu deyən nazir bildirib ki, Olimpiya komandamızın nümayiş, gündəlik və idman paltarları İtaliyanın “Confezioni & Falcon S.R.L” şirkəti tərəfindən hazırlanıb.
İdman nümayəndə heyətinin aparılıb-gətirilməsi üçün “Azərbaycan Hava Yolları” QSC çarter reysləri ilə gedib-gəlməsi qərara alınıb.
Qeyd olunub ki, idman nümayəndə heyətinin əsas hissəsinin avqustun 1-də saat 22:00 radələrində Bakıdan yola salınması , 22 avqust tarixdə Rio-de-Janeyrodan Bakıya gətirilməsi nəzərdə tutulur. Avqustun 3-də isə Olimpiya kəndində Azərbaycan komandasının salamlanması - Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək:
“Azərbaycan Respublikası Gənclər cə İdman Nazirliyinin nəzdnində olan İdman Tibb Diaqnostika və Reabilitasiya İnstitununa içərisində ağcaqanad əleyhinə sprey, kremlər və s. tibbi ləvazimatlar olan 120 çanta sifariş olunub. Onlar idmançılara və nümayəndə heyətinin digər üzvlərinə paylanacaq”.
Beynəlxalq əlaqələrə də toxunan A.Rəhimov bildirib ki, Nazirliyin Beynəlxalq əlaqələr şöbəsi gənclər və idman sahələrində beynəlxalq əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədi ilə BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrin gənclər və idman siyasəti ilə məşğul olan dövlət orqanları ilə işi davam etdirib.
1news.az