İyulun 25-də “Ələddin” layihəsi, Avropa Komissiyası və YUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin açılış mərasimi keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru Abe Radkin, yay universitetinə qatılan tələbələr, professor-müəllim heyəti və KİV nümayəndələri iştirak edib.
Ceyhun Bayramov bildirib ki, YUNESKO-nun himayəsi altında həyata keçirilən “Ələddin” layihəsi çərçivəsində 2013-cü ildən etibarən təşkil edilən Beynəlxalq yay universitetinə bu il Azərbaycan ev sahibliyi edəcək.
C.Bayramov bildirib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir.
“Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin çıxışında qeyd edib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayır. Terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qloballaşan dünyada ciddi təhlükə təşkil etdiyini deyən A.Radkin mədəniyyətlərin dialoquna ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçiriləcək Beynəlxalq yay universitetində iştirak etmək üçün 20-dən çox ölkənin 26 universitetindən 55 tələbə Azərbaycana gəlib. Avqustun 7-dək davam edəcək Beynəlxalq yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılacaq.
Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib.
Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunur.
Açılış mərasimindən sonra tədbir iştirakçıları Quba rayonuna yola salınıb.
1news.az