Xəbərlər

Nərgiz Paşayeva: Tələbələrimlə fəxr edirəm
25 iyul, 2016 13:24

Yolunuz açıq olsun, məzunlar! Qoy universitetdə qazandığınız biliklər, uğurlu karyeranın qurulması üçün möhkəm təməl olsun, cəmiyyətin inkişafına, həyatda ən ali məqsədə nail olmağa yönəlsin. Başlıcası isə tale sizi haraya aparıb çıxaracaqsa, hər biriniz deyəcəksiniz: “Mən M.V.Lomonosov adına MDU-nun Bakı filialının məzunuyam və bundan qürur duyuram!”.

Bəli, illər hiss olunmadan və sürətlə keçir. Lakin elə günlər var ki, ömür boyu insanın xoş xatirələrində və qəlbində qalır, ürəyində yaşayır, həyatı boyu yaddan çıxmır! Nəhayət, belə bir gün gəlib çatdı! Dönə-dönə qayıtmaq, bu hissləri yenidən yaşamaq, əsl xoşbəxtliyin unudulmaz anlarını qaytarmaq istədiyin bir gün.

M.V.Lomonosov adına MDU-nun Bakı filialında ənənəvi buraxılış gecəsi məhz belə bir gün oldu. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də buraxılış gecəsi məzunların, valideynlərin, müəllimlərin və bu gözəl bayramın bütün qonaqlarının həyatında mühüm hadisəyə çevrildi.

Bakı filialı kampusunun həyətində canlanma hökm sürürdü. Burada qonaq çadırları quraşdırılmış, dünənki tələbələr və onların doğmaları mərasimin başlanmasını səbirsizliklə gözləyir, müəllimlər xeyir-dua verir, fəxri qonaqlar öz yerlərini tuturdular. Hiss olunurdu ki, buraya toplaşan məzunlar baş verənlərə dərin həyəcan və həssaslıqla yanaşırdılar. Onların çoxu üçün universitetdə təhsil almaq təkcə peşəkar formalaşmanın başlanğıcı deyil, həm də öz daxili potensialını və yaradıcı qabiliyyətlərini üzə çıxarmaq imkanı olub.

Bu gündə həm sevinc, həm də kədər var. Ona görə kədər var ki, tələbəlik illəri yeni dost və tanışlar qazanılan, hər bir məzunun həyatında vacib mərhələ olan şən, fəal və yaddaqalan dövrdür. İndi isə bütün bunlar arxada qalıb... Yəqin elə buna görə də bəzi tələbələrin gözləri yaşarmışdı...

Ona görə sevinc var ki, yeni nəsil məzunlar müstəqil həyata başlayırlar. Tələbələrin çoxu üçün ali məktəb ürəklərdə həmişəlik nurlu və doğma ocaq kimi qalacaq, çünki onların gəncliyi məhz burada keçib, özlərini şəxsiyyət kimi dərk edərək formalaşıb, həyatda gələcək uğurların təməli qoyulub. Müəllimlər və tələbələr ayrılsalar da, ümumi xatirələri, ümumi nailiyyətləri yaddan çıxarmır, başlıcası isə almamaterin divarları arasında reallaşmış peşəkar və şəxsi uğurların məsuliyyətini dərk edirlər.

Məzunlar yasəmən rəngli mantiyada və kvadrat formalı papaqlarda necə də gözəl və vüqarlı görünürdülər! Onlar diplomu alandan sonra hiss və emosiyalarını gizlətməyərək, əsl ana qayğısı və diqqətinə görə universitetin rektoru Nərgiz xanım Paşayevaya, çətin və şərəfli əməyə görə müəllimlərinə, səbir və dəstəyə görə valideynlərinə ürəkdən gələn xoş və səmimi sevgilərini, hörmət və təşəkkürlərini ifadə edirdilər. Bunu görmək və eşitmək lazım idi!

Təntənəli gecəni tanınmış teleaparıcı Fuad Axundov və M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistr məzunu Arzu Məmmədova aparırdı. Onlar əvvəlcə M.V.Lomonosov adına MDU-nun Bakı filialının professor-müəllim heyətini, məzunları və onların valideynlərini, fəxri qonaqları, MDU-nun Moskvadan tədbir üçün məxsusi gəlmiş akademik heyətini, o cümlədən MDU-nun kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki Valeri Lunini, MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, professor, tətbiqi institusional iqtisadiyyat kafedrasının müdiri, Rusiya Federasiyası Prezidenti yanında İqtisadi Şuranın üzvü, iqtisad elmləri doktoru, professor Aleksandr Auzanı, filologiya elmləri doktoru, professor, tərcümə məktəbinin direktoru Nikolay Qarbovskini, psixologiya elmləri doktoru, MDU-nun sosial psixologiya kafedrasının professoru, Rusiya Təhsil Akademiyasının akademiki Aleksandr Dontsovu salamladılar.

Buraxılış gecəsi mərasimində Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, AMEA-nın prezidenti Akif Əlizadə, Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, ali məktəb rektorları, Milli Məclisin deputatları, görkəmli ictimai xadimlər, elm adamları, diplomatik missiyanın nümayəndələri iştirak edirdilər.

Diqqətə çatdırılıb ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərdiyi səkkiz il ərzində müstəqil Azərbaycanın təhsil sistemində layiqli yer tutub. Bu gün bu ali məktəb ölkəmizdə yeganə təhsil ocağıdır ki, diplomu bütün dünyada tanınır. Bununla yanaşı, Bakı filialı ötən il yaranmasının 260 illiyini qeyd edən, ən qocaman və tanınmış universitetlərdən biri olan M.V.Lomonosov adına MDU-nun çoxəsrlik ənənələrini davam etdirir. Görkəmli alimlərin bütöv bir pleyadası, o cümlədən 11 Nobel mükafatı laureatı, məsələn, kimyaçı Nikolay Semyonov, fiziklər İqor Tamm və əslən Bakıdan olan Lev Landau, Pyotr Kapitsa, şair və yazıçı Boris Pasternak, habelə Abel mükafatı (riyaziyyatçılar üçün Nobel mükafatının analoqu) laureatı Yakov Sinay və XX əsrin ən böyük riyaziyyatçılarından biri Andrey Kolmoqorov Moskva Dövlət Universitetinin yetirmələridir.

Filialın filologiya fakültəsi magistraturasının məzunu Arzu Məmmədova deyib: “Bütün məzunlar adından o insana minnətdarlıq etmək istəyirəm. Çünki onsuz bu elm və təhsil bayramı baş tuta bilməzdi. Bu insan M.V.Lomonosov adına MDU-nun Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevadır. Əzizimiz Nərgiz xanım, biz hər zaman Sizin diqqət və qayğınızı hiss etmişik. Bu gün də Sizin bizə görə həyəcan keçirməyinizi hiss edirik. Biz var qüvvəmizlə çalışacağıq ki, Siz öz məzunlarınızla həmişə qürur duyasınız”.

Rektor Nərgiz Paşayeva buraxılış və diplomların təqdim edilməsi mərasimində qonaqları, müəllimləri, tələbələri və onların valideynlərini salamlayaraq deyib: “Hörmətli qonaqlar, əziz həmkarlar, tələbələr, valideynlər! Sanki M.V.Lomonosov adına MDU-nun Bakı filialını bu yaxınlarda açmışıq. Lakin artıq deyildiyi kimi, bu il beşinci bakalavr, üçüncü magistr buraxılışıdır. Hər dəfə belə bir gündə məzunlarımıza diplomları təqdim edərək özümün fəxri və həyəcan doğuran missiyamı yerinə yetirirəm. Bu gün tələbə və məzunlarımızın ümumi sayı müxtəlif fakültələri əhatə etməklə 503 nəfərdir. Bir rektor kimi sizə deyirəm ki, bütün bu dövr ərzində bir diplom belə sırf formal olaraq onu almaq hüququ olmayana, müvafiq biliyi olmayana, hazırlıqsız və layiq olmayana verilməyib. Bu da təbiidir, çünki himayə, xahiş, tanışlıq, xüsusi yanaşma ilə, ümumi qayda və qanunlardan kənar bizim universitetə daxil olmaq və burada təhsil almaq mümkün deyil. Bəli, həyatın özünün bizi bir-birinə bağladığı dostlarımız, tanışlarımız, qohumlarımız, uşaqlarımız, qardaşlarımız, bacılarımız, qonşularımız var. Lakin universitetin astanasından içəri qədəm qoyan kimi bizim üçün əsas insanlar tələbələrimiz və başlıca məqsəd onları keyfiyyətli təhsillə təmin etmək olur. Özü də bu, rektorun sadəcə tribunadan səsləndirdiyi gəlişigözəl sözlər deyil. Bu həqiqət və zərurətdir ki, onsuz ali təhsildə həqiqi nəticələr, əsl peşəkarların, mütəxəssislərin hazırlığı üçün sağlam mənəvi mühit və lazımi təhsil şəraiti olmur. Müdriklər deyirlər: “Həqiqət olmayanı həqiqət kimi qələmə verməyə çalışma və doğru olanı yalan adlandırma”. Biz həmişə müdrik məsləhətlərə əməl etməyə çalışırıq.

Məzun-2016 xüsusi, təntənəli və hətta, demək olar, tarixi məna daşıyır. Bu anın, bu günün qəhrəmanları isə bizim ilk iqtisadçı məzunlarımızdır. Sirr deyil ki, son vaxtlar gənclərin çoxu iqtisadçı olmaq istəyir, necə ki, vaxtilə çoxları kosmonavt, fizik, səyahətçi olmağı arzulayırdılar. Bu o demək deyil ki, iqtisadçılar romantikadan, ilhamdan, təxəyyüldən, fantaziyadan məhrumdurlar, guya onları sırf hesablama və rəqəmlər maraqlandırır. Müasir iqtisadçı, sadəcə, romantik, xəyalpərəst, fantaziyaçı olmağa borcludur, axı o, bəzən gələcəyi proqnozlaşdırmalıdır. Mən istərdim ki, bizim iqtisadçı məzunlarımız müasir dünyada, müasir dünya düzənində iqtisadiyyat elminin, onun nəzəri əsaslarının necə vacib olmasını başa düşsünlər. Siz öz biliyinizi, iqtisadi savadınızı, peşəkarlığınızı tətbiq edəndə, analitik məsləhətlər, hesablamalar verəndə, unutmayın ki, iqtisadiyyat elminin mühüm və hətta əsas tərkib hissəsi sosial iqtisadiyyatdır. Milyonlarla insan iqtisadi yüksəlişdən bəhrələnəndə bu, ictimai rifah, davamlı firavanlıq və sabitlik gətirir. O zaman neft, qaz, kömür, qızıl və s. kimi milli sərvətləri asanlıqla milli nailiyyətə, milli tərəqqiyə çevirmək olur.

Mən istəyirəm yadda saxlayasınız ki, sizin praqmatizmlə izləməli olduğunuz qlobal iqtisadi prosesin arxasında hər zaman böyük, intəhasız harmoniya durur. Bu, mənəvi dəyərlər, qəlb, mənəvi prinsiplərdir ki, onlarsız heç bir hesablama, heç bir formul gözlənilən müsbət nəticəni verə bilməz.

Kapital, şübhəsiz ki, istənilən tərəqqinin tərkib hissəsidir. Lakin ondan da vacib olan fakt və şərt kapitalın ədalətli bölgüsüdür. Kapital, ədalət, ağıl və intellektin birliyi, fikrimcə, elə iqtisadi xoşbəxtliyin formuludur. Heç vaxt yaddan çıxarmayın, kapital o zaman xüsusi hörmətə layiq olur ki, o, ən yaxşılarına çatır, ən yaxşılarının yaxşısını dəstəkləyir, yaxşılığa doğru dəyişikliklərin baş verməsi üçün stimul olur. Əks halda, hər şey günlərin birində sabun köpüyü kimi puç olacaq və sonda məyusluq, sıfır nəticə, hədər getmiş vaxt qalacaq.

İstərdim ki, bütün məzunlarımız başqasının uğurlarını sezməyi və görməyi bacarsınlar. Qoy o uğurlar sənin olmasın, lakin əgər insan özgəsinin ləyaqətini və özgə əməyini görməyi öyrənməyibsə, deməli, o, özü hələ təmiz yolla uğur qazanmayıb, heç zaman əsl zəhmət çəkməyib. Üzüm tənəyi kimi günəşə, sərinliyə, nəmliyə cəhd edin ki, tükənməyəsiniz, qurumayasınız, yalnız öz şirənizlə qidalanasınız. Lakin əgər siz nə vaxtsa biliklərinizə münasibətdə ədalətsizlik, anlaşılmazlıq, laqeydlik, qısqanclıqla qarşılaşsanız, qəm etməyin, həyəcanlanmayın, öz yolunuzla möhkəm və əminliklə addımlayın. Yadda saxlayın ki, kim sizin biliyinizə, ağlınıza qısqanırsa, o, sizə heç vaxt çatmayacaq. Sizə baxarkən “Faust” əsərindən “Mümkün olmayanı istəyən kəs mənə əzizdir” fikrini xatırlayıram. Nəsə alınmayanda bunu tez-tez ürəyinizdə təkrarlayın, ruhdan düşməyin, ümidinizi itirməyin. Sizin bütün həyatınız, böyük gücünüz, böyük imkanlarınız irəlidədir, heç zaman bunlara inamınızı itirməyin.

Sizinlə şad və mühüm bir xəbəri bölüşmək istəyirəm – bu ildən universitetimizdə MDU-nun fizika fakültəsi açılır. Bu mühüm hadisə münasibətilə hamınızı təbrik edirəm! Biz Azərbaycan Prezidenti İlham Əliyevə bu təşəbbüsü dəstəklədiyinə görə təşəkkür edirik. Bizə hər zaman kömək edən və bizi dəstəkləyən əziz, hörmətli Viktor Antonoviç Sadovniçiyə təşəkkür edirik. Həmçinin kimya və riyaziyyat fakültələri ilə yanaşı, bir neçə il əvvəl fizika fakültəsinin açılması planımızı - bu mühüm elmi-təhsil layihəsinin reallaşmasına kömək edən hər kəsə “Sağ olsun!” deyirəm. Xüsusilə o adamlara ki, MDU-nun fizika fakültəsi və onun nəzdində elmi-tədqiqat mərkəzlərinin – sadəcə dəb brendi və ya piyar-layihə kimi pulla almaq və hara gəldi aparmaq mümkün olmamasını bir daha sübut etdilər. Fizika elm okeanında “zümrüd adasıdır” və fizika fakültəsini yanlış istiqamətə buraxmaq olmazdı. Bunun qarşısını alan hər kəs sağ olsun! Fakültə açılmalı olduğu yerdə - Moskva Dövlət Universitetinin Bakı filialında açılır. Biz zəmanət veririk ki, bu fakültənin ilk tələbələri Moskva komissiyasının ciddi imtahanlarından çıxanlar olacaq.

Əziz məzunlarımız, ümidvaram ki, universitetimizdə görmək istədiyinizi gördünüz, eşitmək istədiyinizi eşitdiniz, başa düşmək istədiyinizi başa düşdünüz, inanmaq istədiyinizə inandınız, seçmək istədiyiniz peşəni seçdiniz, ən başlıcası isə universitetimizi seçdiniz. Siz MDU-nu yaxşıların yaxşısı olmaq üçün seçmişiniz. Mənim sözlərimdə nə pafos, nə də mübaliğə var, bu, həqiqətən də belədir. MDU məzunu elə MDU məzunudur, bununla da hər şey deyilib!

Əziz məzunlarımız, hansı zirvələrə can atırsınızsa-atın, qarşınıza hansı məqsədləri qoyursunuzsa-qoyun, sizə bu zirvələri fəth etməyi və məqsədlərinizə çatmağı arzu edirəm. Bu gün siz sınaqdan şərəflə çıxdınız. Siz Moskva Universitetinin diplomunu səyləriniz, zəhmətiniz, istedadınız sayəsində alırsınız. Amma heç vaxt unutmayın ki, sınaqlar həyatın müntəzəm təkrarlanan mərhələləridir. Deyilənə görə, məqsədinə çatmaq üçün həyatın bütün sınaqlarından, oddan-alovdan keçməyi, bərkdən-boşdan çıxmağı bacarmalısan. Əzizlərim, unutmayın ki, necə qəhrəmanlıqlar göstərirsinizsə-göstərin, necə uğurlar qazanırsınızsa-qazanın, peşənizdə hansı yüksəkliyə nail olursunuzsa-olun, həmişə yaxşı insan olmağa çalışın, bu, həm sizə, həm bizə lazım olan keyfiyyətdir.

Valideynlərə müraciət edərək demək istəyirəm ki, mən tələbələrimlə həm də sizin onlara verdiyiniz tərbiyə sayəsində fəxr edirəm. Bəzən valideynlər uşaqlarına başlıca olan düzgün tərbiyədən başqa hər şey verirlər. Siz onları yaxşı tərbiyə etmisiniz. Sizi ürəkdən təbrik edirəm. Sizə, doğmalarınıza və yaxınlarınıza, bu gün bu bayramda iştirak edə bilməyən hər kəsə müvəffəqiyyət arzu edirəm.

Qoy gənclərimizin yolu açıq, həyatı gözəl, canı sağlam, mənəviyyatı güclü olsun. Sizə uğurlar arzu edirəm!”

Musiqi sədaları altında müxtəlif fakültələrin magistr və bakalavrlarına diplomların təntənəli surətdə təqdim olunması mərasimi başladı. Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Azərbaycan Dövlət Kamera Orkestrinin, Xalq Artisti Gülbacı İmanovanın rəhbərlik etdiyi M.V.Lomonosov adına MDU-nun Bakı filialının xorunun, muğam üçlüyünün və xanəndə Güllü Muradovanın, populyar müğənni Miri Yusifin iştirakı ilə maraqlı konsert proqramı oldu.

Diplomların təqdim olunması mərasimi tamaşaçıların alqışları, aparıcıların fakültələrin fəaliyyəti barədə verdiyi məlumatlar slaydların nümayişi ilə müşayiət olundu. Fakültələrdən hər biri barədə ayrıca danışmağa dəyər.

Kimya fakültəsi təkcə universitet üçün deyil, həm də bütün ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Kimya məktəbi həmişə Azərbaycan elminin qürur mənbəyi olub və kimya fakültəsi şanlı ənənələrin layiqli davamçısıdır. Fakültənin laboratoriya kompleksi təkcə ölkənin deyil, həm də regionun ən yaxşı laboratoriyalarından biri sayılır. Özü də tələbələr təkcə filialda eksperiment aparmırlar, tez-tez Moskvaya elmi səfərlər edirlər. Kimya fakültəsinin inkişaf etmiş infrastrukturu dünya səviyyəli tədbirlər keçirməyə imkan verir. Məsələn, 2015-ci ildə filialın bazasında məktəblilər arasında 47-ci Beynəlxalq Kimya Olimpiadası keçirilib. Maraqlıdır ki, Bakı filialı postsovet məkanında bu mötəbər kimya forumunu keçirmək hüququna M.V.Lomonosov adına MDU-dan sonra layiq görülən ikinci ali məktəbdir.

MDU-nun kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının (REA) akademiki Valeri Lunin mərasimdə çıxış edərək dedi: “Bu əhəmiyyətli və parlaq tədbir artıq beşinci dəfədir keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev ilə MDU-nun rektoru Viktor Sadovniçi M.V.Lomonosov adına MDU-nun Bakı filialının açılışını bildirən rəmzi lenti sanki lap bu yaxınlarda kəsiblər. Budur, bu möhtəşəm və mükəmməl təhsil ocağı bu gün fəaliyyətdədir, gözəl mütəxəssislər hazırlayır. Biz Bakı filialı ilə çox fəxr edirik”.

MDU kimyaçılarını Azərbaycanın kimya elmi ilə həqiqətən tarixi köklər bağladığını bildirən Valeri Lunin deyib: “Kimya iqtisadiyyatın mühüm sahəsidir. Ümumiyyətlə, kimya elmi sahəsində keyfiyyətli təhsil olmadan müasir elmin heç bir sahəsini inkişaf etdirmək mümkün deyil. Bu isə Azərbaycan üçün həyati əhəmiyyət daşıyan sahədir. Mən bütün məzunları təbrik edirəm və böyük məmnuniyyət hissi ilə onlara diplomları təqdim edəcəyəm”.

Tətbiqi riyaziyyat fakültəsi 2008-ci ildən uğurla fəaliyyət göstərir. Fakültə funksional analiz, riyazi kibernetika və diskret sistemlər proqramlaşdırma kimi sahələrdə bakalavr və magistrlər hazırlayır. Bu fakültə tələbələr üçün ən çətin fakültələrdən biri sayılır. Buna görə də fakültənin hər bir məzunu öz diplomu barədə “Mən bacardım!” deyə bilər. Təəccüblü deyil ki, tətbiqi riyaziyyat fakültəsinin komandası təhsilə belə münasibət sayəsində dəfələrlə proqramlaşdırma üzrə milli və beynəlxalq çempionatların qalibi olub. İnformasiya texnologiyaları sahəsində IX “İT-Planet 2013/14” və X “İT-Planet 1014/15” beynəlxalq olimpiadalarında filialın magistrantlarının mükafata layiq yerlər tutması fakültənin son sanballı nailiyyəti olub.

Mərasimdə iştirak edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, Bakıda 2009-cu ildən işləyir. Səfir deyib: “O vaxtdan etibarən diplomların təqdim olunması mərasimlərinin hər birində iştirak etmişəm. Buraxılış kvintessensiyadır və “MDU-nun Bakı filialı” adlı layihənin necə uğurla inkişaf etməsinin rəmzidir. Layihə bir çox səbəblər – Azərbaycan rəhbərliyinin, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi müdrikliyi, Moskva ilə Bakı arasındakı mövcud qarşılıqlı anlaşma sayəsində uğurlu olub. Biz Bakı filialı ilə fəxr edirik və onu başqa ölkələrə nümunə göstəririk”.

MDU-nun ümumi topologiya və həndəsə kafedrasının müdiri, professor Yuri Sadovniçi tətbiqi riyaziyyat fakültəsinin məzunlarını təbrik edərək deyib: “Çox güclü buraxılışdır. Məzunların yarısının magistratura imtahanlarını müvəffəqiyyətlə verməsi xüsusilə xoşdur. Ümumiyyətlə, fakültənin bütün məzunları yaxşı oxuyublar. Onlara Azərbaycanın rifahı naminə daha böyük uğurlar arzu edirəm”.

2008-ci ildən fəaliyyət göstərən filologiya fakültəsi almamaterin fəxri, filialın ilk fakültələrindən biridir. Azərbaycanda bu nadir fakültədə rus, ingilis, fransız, italyan və ispan filologiyası sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlanır. Bu fakültənin məzunları təkcə xarici dillərə, həm də müvafiq dilin filologiyası sahəsində dərin biliklərə yiyələnmirlər, eyni zamanda, bu dillərin və ədəbiyyatların mütəxəssisləri kimi dərin fəlsəfi biliklər alırlar. Roman-german bölməsinin filoloqları dünya poeziyasının şedevrlərini məharətlə orijinalın dilində səsləndirirlər.

Tələbələr Dante Aligyeri, Pol Elüar, Redyard Kiplinq, Sergey Yesenin, Luis Sernuda Bidon və Bəxtiyar Vahabzadə kimi dünya klassiklərinin şeirlərini tamaşaçıların sürəkli alqış sədaları altında oxuyaraq bunu nümayiş etdirdilər.

BDU-nun rus dili kafedrasının dosenti, Bakı filialının filologiya fakültəsinin kuratoru Valeriya Baqryantseva M.V.Lomonosov adına MDU-nun Bakı filialının filologiya fakültəsini unikal adlandırıb, çünki bu fakültənin tələbələri dörd dili və ədəbiyyatı sıfırdan öyrənirlər. V.Baqryantseva deyib: “Tələbələrimizin əldə etdikləri nəticələri görəndə onlarla fəxr edirəm”.

Filologiya elmləri doktoru, professor, MDU-nun Ali Tərcümə Məktəbinin direktoru, “Vestnik Moskovskoqo Universiteta” jurnalının baş redaktoru Nikolay Qarbovski deyib: “MDU-nun Bakı filialının növbəti buraxılış mərasimində ilk dəfə iştirak etmək mənim üçün böyük şərəfdir. Mənə çox xoşdur ki, son 8 ildə Bakı filialında görülən işləri müşahidə etmək imkanım olub. Deyə bilərəm ki, filialın istər burada, istərsə də Moskvada qazandığı nüfuza sadəcə heyran qalmışam”.

2009-cu ildə yaradılan psixologiya fakültəsi ölkədə yeganə belə fakültədir. Psixiatriya və patopsixologiyanın əsasları ilə yanaşı öyrənilən fənlərin spektri sosial psixologiya, etnopsixologiya, kliniki psixologiya, inkişaf və yaş psixologiyası, pedaqoji psixologiya, mühəndis psixologiyası, əmək və erqonomika psixologiyası kimi sahələri əhatə edir. Maraqlıdır ki, fakültədə ölkədə yeganə psixofizioloji laboratoriya fəaliyyət göstərir və tələbələr bu laboratoriyanın köməyi ilə hər bir insanı öyrənə bilərlər.

MDU-nun sosial psixologiya kafedrasının professoru, Rusiya Təhsil Akademiyasının (RTA) akademiki Aleksandr Dontsov deyib: “Psixologiya elmi heç vaxt diqqətinizdən kənarda qalmayacaq, həmişə maraq oyadacaq. Mən çox istəyirəm ki, bu fakültədə sizin uşaqlarınız və nəvələriniz oxusunlar”.

MDU-nun psixologiya fakültəsinin tədris üzrə dekan müavini, əmək psixologiyası və mühəndis psixologiyası kafedrasının dosenti Valentina Barabanşikova deyib: “Deyirlər ki, şəhərə vurulmaq üçün ya bütün həyatını, ya da bir gününü burada yaşamalısan. Mən ilk dəfədir və birinci gündür Bakı şəhərindəyəm və artıq ona vurulmuşam. Burada MDU-nun psixologiya fakültəsini həmkarlarımla təmsil etmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bura əliboş gəlməmişik, hədiyyə gətirmişik. Məsələ bundadır ki, hər il fakültəmizdə ən yaxşı diplom işlərinə görə müsabiqə keçirilir. Artıq neçə ildir Bakı filialının məzunları layiqli yerlər tuturlar. Bu il də MDU-nun Bakı filialının üç məzunu ən yaxşı magistr dissertasiyalarına görə mükafatlara layiq görülüblər”.

İqtisadiyyat fakültəsi MDU-nun Bakı filialının ən gənc fakültəsidir. Bu il həmin fakültənin ilk məzunları – iqtisadiyyatın və menecmentin müxtəlif sahələrində ciddi hazırlıq keçən, ən müasir innovativ texnologiyaları iqtisadi məsələlərin həllinə tətbiq etməyi bacaran gənclər diplom alıblar.

Filialın iqtisadiyyat fakültəsinin ilk məzunlarına diplomların təqdim edilməsi mərasiminə M.V.Lomonosov adına Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü professor Nərgiz Paşayeva başçılıq edib.

MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, tanınmış iqtisadçı, iqtisad elmləri doktoru, tətbiqi institusional iqtisadiyyat kafedrasının müdiri Aleksandr Auzan deyib: “Nərgiz xanım, Siz mümkün olmayanı etmişiniz. Siz Moskva Universitetinin ruhunu Bakıya gətirmisiniz. Biz özümüzü elə hiss edirik ki, sanki burada doğulmuşuq və bütün həyatımızı bu gözəl şəhərdə yaşamışıq. MDU-nun iqtisadiyyat fakültəsi Bakı filialına ən dəyərli müəllimlərini göndərib və biz buna təəssüflənmirik. 2016-cı ildə Azərbaycanın yeni iqtisadçıları yetişib. Hörmətli Nərgiz xanım, elə bu il də biz Sizinlə magistratura açmağı qərara almışıq ki, onların yolu davam etsin. Bu, heç də asan olmayıb və mən bu yolla irəliləməyimizə kömək edənlərə təşəkkürümü bildirmək istəyirəm. Çünki əslində Azərbaycan bankirlərinin dəstəyi ilə biz magistratura eksperimentini iki il əvvəl başlamışıq. Hörmətli həmkarlar, indi biz bu ilk addımları parlaq nəticəyə çevirməliyik. Cənab bankirlər, mən bəlkə də bu yeni iqtisadi vəziyyətdə sizə nə qədər çətin olduğunu bu salonda oturanların çoxundan daha yaxşı başa düşürəm. Amma gəlin azərbaycanlı gənclərə təkcə MDU-nun diplomlarını almaqda deyil, həm də bizim onlar üçün yaratdığımız fürsəti həyata keçirməkdə - Avropada menecment üzrə üç ən yaxşı məktəb sırasına daxil olan İsveç Beynəlxalq Biznes Məktəbinin diplomlarını almaqda da kömək edək”.

Sonra ənənəyə uyğun olaraq Bakı filialının rektoru professor Nərgiz Paşayeva bakalavr və magistrlərə fərqlənmə diplomlarını təqdim edib, məzunlara həyatda uğurlar arzulayıb.

Sonda “Məzun andı” mərasimi keçirilib. Xor və məzunlar tələbələrin “Gaudeamus” himnini ifa ediblər. Kvadrat formalı məzun papaqları göyə atılıb.

Yekun olaraq qeyd edək ki, münbit torpağa əkilən toxumlar cücərib və sürətlə inkişaf etməyə başlayıb. İndi onlar ucalmağa can ataraq, elmi inkişaf və təbliğ etməyə başlayacaqlar. Mixail Lomonosovun dediyi kimi, “elm həqiqətin aynası, idrakın nuru, həyatın düzgün nəşəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhər və ordu qurucusu, bədbəxtlikdə uğura inam, xoşbəxtliyin zinəti, həmişə sadiq və ayrılmaz yol yoldaşıdır”. Yalnız doğma yurddan qaynaqlandığı təqdirdə elmin qiymətli olduğunu hesab edən Lomonosov deyirdi: “Qələbə yalnız ruh yüksəkliyi oyadan sonsuz arzudan, doğma vətənə ehtiraslı məhəbbətdən, cəsarət və qətiyyətdən yaranır. Özü də təkcə və bir o qədər də ayrıca sonsuz arzudan deyil, bütün qüvvələrin ardıcıl səfərbər edilməsindən, yavaş-yavaş, səbirlə dağları yerindən oynadan, əsrarəngiz dərinliyi üzə çıxararaq nurlandıran daim alışıb-yanmaq hissindən yaranır”.

Budur, növbəti həyat səhifəsini çevirmək vaxtı gəlib çatdı. Buraxılış münasibətilə təbrik edirik! Bu cür parlaq və unudulmaz anlar, belə maraqlı və şən hadisələr, yeni tanışlıqlar artıq geridə qalıb, qarşıdan isə tamamilə yeni həyat səsləyir. Amma tələbəlik həyatını və doğma ali məktəbi unutmaq olmaz! Axı tələbəlik illəri ömrün ən gözəl və ən şirin çağlarıdır, xüsusən də əgər böyük MDU məktəbini keçmisənsə...

AZƏRTAC

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.