Nizami Kino Mərkəzində iyulun 21-dən ABŞ-ın “İşıqlar sönür” və “Startrek: sonsuzluq” filmlərinin nümayişinə başlanılıb.
1news.az-ın Mərkəzə istinadən verdiyi xəbərə görə, Erik Hayssererin ssenarisi əsasında rejissor Devid F. Sandberqin çəkdiyi “İşıqlar sönür” filmi dəhşət və qorxu janrındadır.
Doğma yuvasını tərk edən Rebbeka bütün uşaqlıq qorxularının geridə qaldığını zənn edir. Balaca olarkən o, işıq söndükdə nəyin real olub-olmadığından əmin ola bilmirdi. İndi onun şüurunu imtahana çəkən anlaşılmayan dəhşətli hadisələr kiçik qardaşı Martinlə baş verir. Anaları Sofi ilə sirli bağlantısı olan, bəlli olmayan hədə yenə ortaya çıxıb. Amma bu dəfə Rebbeka sirri açmaq üzrədir – işıq sönən kimi həyatları təhlükə altında olacağına artıq əmindir.
Filmdə rolları Tereza Palmer, Qabriel Beytman, Aleksandr DiPersia, Billi Berk, Mariya Bello, Rolando Boys, Ava Kantrell, Ariel Dupin, Emili Elin Lind, Lotta Losten və başqa aktyorlar canlandırıb.
Rejissor Castin Linin Saymon Peqqin ssenarisi əsasında çəkdiyi “Startrek: sonsuzluq” filmi triller, macəra, döyüş və fantastika janrındadır.
Hadisələr beşillik missiya başladıqdan iki il sonra cərəyan edir. Kapitan Ceyms T. Kirk başda olmaqla hərəkət edən “Enterprayz” ulduz gəmisinin ekipajı tanınmayan gəlmələrin qüvvətli və təhlükəli hücumuna məruz qalır. Gəmilərini məhv etdikdən sonra gəlmələr ekipaj üzvlərini tanınmayan planetdə daha qorxulu düşmənlə üz üzə qoyurlar.
Rollarda Kris Payn, Zakari Kuinto, Saymon Peqq, Karl Urban, Zoi Saldana, Con Ço, Anton Elçin, İdris Elba, Sofiya Butella və Co Taslim çəkiliblər.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz: (https://www.facebook.com/NizamiCinema?rf=hl
1news.az