İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan yeni keçmiş 36 dini icmaya şəhadətnamələr verilib.
1news.az-ın məlumatına görə, çıxış edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı iştirakçılara ölkədəki dini durum barədə ətraflı məlumat verib. Bildirib ki, bu gün Azərbaycan tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyada örnək göstərilən ölkələrdəndir və bu uğurun baş memarı ulu öndər Heydər Əliyevdir. Məhz onun Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi dövlət-din münasibətlərində də sürətli inkişafa nail olundu, dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, dinimizə uyğun qaydalar müəyyənləşdirildi.
Ümummilli liderin “Biz dini, ilk növbədə, mədəniyyətimizin, tarixi irsimizin, mentalitetimizin bir fenomeni və ayrılmaz hissəsi kimi qəbul edirik. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” sözlərini xatırladan S.Salahlı dinə, dindarlara münasibəti əks etdirən bu tezisin hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.
Bildirib ki, dövlət başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə bir sıra məscidlər tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir rast gəlinən nümunədir.
Komitə sədrinin birinci müavini təəssüflə bildirib ki, dövlətin yüksək diqqət və qayğısının müqabilində bir sıra hallarda din xadimləri radikalizmlə mübarizə işində fəal iştirak etmirlər:
“Bəzi qruplar öz şəxsi mənafeləri naminə, hətta cəmiyyətin gələcəyini təhlükə altına salaraq, insanları radikalizmə sürükləyən fəaliyyətə can atırlar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən dövlətin digər müvafiq qurumları bu qruplara qarşı mübarizə aparmaqdadır, ancaq çox istərdik ki, dindarlarımızın, nüfuzlu din xadimlərimizin bu istiqamətdə fəaliyyəti, radikalizmə qarşı seçdikləri taktika daha güclü və daha effektli olsun. Bunun üçün, ilk növbədə, özünü və daha sonra digər insanları xurafatdan, mövhumatdan uzaq, saf dini biliklərlə maarifləndirmək mütləqdir”.
Sonra qeydiyyat şəhadətnamələri almış dini icmaların sədrləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, rəhbərlik etdikləri dini icmalar gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.
1news.az